Güləş Federasiyası: “Maaş vermək öhdəliyimiz yoxdur”

gulesciler-etiraz-300x201«Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan nailiyyətlərə kölgə salmağa çalışanlara bildiririk ki, idman çirkli oyunların yeri deyil».

Bu fikir Azərbaycan Güləş Federasiyasının (AGF) bu gün, avqustun 1-i yaydığı açıqlamada deyilir. Açıqlamada bu günlər ölkənin güləşçilərdən ibarət yığma komandasının üzvlərinin aksiya keçirərək, 12 aydan artıq maaş almadıqlarını dilə gətirməsinə münasibət bildirilir.

Federasiya vurğulayır ki, fəaliyyətini dövlət yox, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Sponsorların hesabına fəaliyyət göstərmək qəbul edilmiş və geniş tətbiq edilən praktikadır:

«Bu baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur».

Açıqlamada vurğulanır ki, bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldır. Üstəlik, AGF-nin idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur:

«Sponsorlar maliyyə ayrıldığı zaman Federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun yığma komandanın üzvlərinə maddi yardımlar verilib».

Eyni zamanda Federasiya bildirir ki, yığma komandanın üzvlərini beynəlxalq yarışlarda nəticələrə görə ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlara uyğun Milli Olimpiya Komitəsi və Gənclər və İdman nazirliyi mükafatlandırır:

«Bunu da bildirək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib».

Son olaraq AGF idmançıların narahatlığını anladığını bildirir. Ölkədən ötrü hər birinin ayrıca dəyəri və yeri olan güləşçiləri səbirli olmağa dəvət edir. (azadliq.org)