Gimnaziyanın 42 şagirdindən 27-si 600-dən yuxarı bal toplayıb

 

Qalan şagirdlər 500-600 bal civarında nəticə göstəriblər

Sumqayıt şəhərində Təbiət Elmləri Təmayüllü Gimnaziya bu il qəbul imtahanlarında yüksək nəticə göstərib. Məktəbin xeyli sayda məzunu 600-dən yuxarı bal toplayıb.

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu il məktəbi bitirən 42 şagirddən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

Direktor qeyd edib ki, 600-dən çox bal toplayan 27 şagirdin 10 nəfəri bir sinifdə, 17 nəfəri isə digər bir sinifdə oxuyublar: “Son 8 ildir ki, bizim məktəb böyük uğurlara imza atır. Bu il ən yüksək nəticəmiz 690 bal oldu. Amma bizim istəyimiz tam alınmadı. Məzunlarımızdan 700 bal gözləyirdik”.

Yüksək göstərici sərgiləmiş 11b sinfinin rəhbəri Zəminə Mirzəyeva Meydan TV-yə deyib ki, eyni sinifdə oxuyan 25 məzundan 17-si 600-dən yuxarı, qalanları isə 500-600 civarında bal toplayıblar.