Evi uçurulan ailə hində gecələyir
“SOCAR işçiləri mənim balalarıma dəhşət yaşadıblar. Günortaçağı, evimi buldozerin qabağına verib, uşaqlar içəridə ola-ola dağıdıblar. Həkimə getmişdim, qonşu zəng etdi ki, evini sökürlər, durma-gəl. Gəldim ki, evimi də yerlə-yeksan ediblər”.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yaşayan Nübar Həsənova belə deyir. Söyləyir ki, ona məxsus olan ev 2018-ci il yanvarın 15-də “Azneft” İB-nin Əli Əmirov adına Neft-Qazçıxarma İdarəsinin əməkdaşları tərəfindən heç bir xəbərdarlıq olunmadan sökülüb:
“Gəldim ki, körpələr qorxudan ağlaşır, bunların isə vecinə deyil. Qapı-qapı gəzib alver etmişəm. Yeməyib-içməyib, geyinməyib, 30 min manat yığmışam. 2015-ci ilin sonlarında ev almışam. SOCAR-ın işçiləri bu ilin yanvarında gəlib evimi başıma uçurtmayana qədər insan kimi yaşayırdım. Hasarlanmış 6 sot torpağımda olan dördotaqlı evimi darmadağın etdilər”.
Şikayətçi deyir ki, ərazi kanalizasiya xətləri üzərində olduğu üçün tez-tez küçəni su basır. Qışda kanalizasiya suyu evinin altına axdığına görə buldozer çağırıb ki, oranı düzəltdirsin:
“Növbəti gün SOCAR-ın işçiləri həyətimə töküldülər. Başladılar sorğu-suala ki, bəs sən kimsən, bura nə vaxt köçmüsən? Mənə bir həftə vaxt qoydular. Dedilər ki, haradan tapırsan tap, bizə 25 min manat verməlisən. Pulu verməsən, səni burada yaşamağa qoymayacağıq, sürgün edəcəyik. Mən də atam və qardaşımdan 3500 manat tapıb topladım. Bir həftə sonra SOCAR-ın bir işçisi gəldi, həmin pulu alıb getdi. Sonradan öyrəndim ki, adı Eldardır”.
Nüybar Həsənova SOCAR əmədaşları tərəfindən ona təzyiqlərin hələ də davam etdiyini deyir:
“2018-ci ilin əvvəlindən demək olar ki, hər gün gəlirlər. Adlarını gizlədirlər, şəxsiyyətlərini təsdiqləyən sənəd də göstərmirlər. Belə özbaşnalıq, qanunsuzluq olar? Öz torpağımda yaşaya bilmirəm. Məni Azərbaycan vətəndaşlığından silsinlər, bu ölkədən rədd olum gedim. Ermənistana keçib, orada yaşayacağam. AzTV bütün günü bar-bar-bağırır ki, Ermənistanda adamlar acından ölür. Sən öz millətinə bax! Evimin içində körpə uşaqlarım ola-ola buldozeri salıb, onları az qalsın xışlayırdılar. Elə bil ki, erməninin üstünə tankla gedirlər. Erməni heç olmasa bir-iki güllə atır ki, gəlirəm. Bunlar xəbər vermədən, evdə heç kim yox, körpələrimi buldozerin ağzına veriblər”.
Zərəçəkən söyləyir ki, ARDNŞ Qaradağ Rayonu Məhkəməsində ona qarşı torpaq sahəsinin zəbt edilməsi ilə bağlı iddia qaldırıb.
“Siz bunların kələyinə baxın, evimi sökəndən sonra məni məhkəməyə veriblər ki, guya həmin ərazini zəbt etmişəm. Onda sual yaranır; 6 sot torpağın dörd bir çevrəsi bir gecəyə necə hasarlana bilir? 4 otaq, hamam-tualet bir gecədə necə tikilə bilər? Bu sualdan qorxduqları üçün, evimi sökdülər. Evə də baxan görürdü ki, köhnə tikilidir. Ərazidə yaşayış getdikcə artır, malikanələr tikilir, onları sökən yoxdur. Çünki SOCAR əməkdaşlarına rüşvət veriblər.
Oktyabrın 17-də məhkəmədir. Vəkil tutmaq istədim, məndən min manat pul istədi. Bu evə sağlamlığımı qoymuşdum. İçərisi bütün əşya və avadanlıqlarla dolu idi. Körpə uşaqlarımı evdə tək qoyuram. Gedib, qonşuda yun didib, yorğan-döşək salıram ki, onları dolandırım. Əmlakımı, canımı, əsəbimi məhv etdilər”- Nüybar Həsənova bildirir.
Hazırda həyətindəki toyuq hinində yaşayan N.Həsənova Prezident Adminstrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Deyir ki, müraciəti Qaradağ Rayonu İcrha Hakimiyyətinə yönləndirilsə də, şikayətinə lazımi şəkildə baxılmır:
“Dəfələrlə Qaradağ Rayon İcra Hakimiyyətinə gedirəm. İcra başçısının və müavinin qəbuluna girmişəm. Məni lağa qoyurlar, deyirlər ki, bura niyə gəlmisən, bazardır? Məni gülməli günə qoyublar, hələ utanmadan da gülürlər. Müavin mühafizə çağırır ki, gəl, bunun qolundan tut, apar at bayıra”.
“Gedib, Mehriban Əliyevanın Mərdəkandakı evinin qarşısında palaz salıb yatacam. Əvvəl-axır onu tutacam və deyəcəyəm ki, belə haqsızlıq olmaz, Azərbaycan batır. Ermənistandan danışınca, gözünü aç, gör insanların başına nə oyun açırlar. Əllərində məhkəmə qərarı olmadan, evimi uçururlar”.
Şikayətçi səksəkə içərisindədir. Söyləyir ki, özünü Eldar adı ilə təqdim edən SOCAR əməkdaşı gecə saat 3-də yaşadığı balaca daxmaya od vuraraq, yandırıb. N.Həsənova iddia edir ki, həmin şəxs bu addımı onun prokurorluqda Eldara 3500 manat pul verdiyini dediyi üçün edib:
“Eldar mənə hədə-qorxu gəldi. Dedi ki, niyə gedib, ərizə yazıb, səndən pul aldığımı demisən? Sonra da hədələdi ki, səni evinin içində balalarınla birlikdə yandıracam. Həmin sözləri mənə bu il, mayın 13-də dedi. Elə həmin gün mən rayona getdim. Gecə ilə gəlib, qaldığımız balaca daxmanı da yandırıblar. Yəni baxmayıblar ki, bəlkə evdə kimsə var. Əllərində heç bir qərar olmadan o boyda tikilini sökürlərsə, deməli, arxalarında dayananlar var”.
Qaradağ Rayonu İcra Hakimiyyəti, ümumi şöbənin müdiri Hicran Xəlilova Meydan TV-yə bildirib ki, Nüybar Həsənovanın şikayətinə baxılıb və cavab verilib:
“Nüybar Həsənova həmin ünvanda qanunsuz məskunlaşıb, üzərində hər hansı hüquqi sənədi yoxdur. Həmin tikili Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyesteri Xidmətində qeydə alınmayıb. Qanuna görə, özbaşına tutulan torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır.
Nüybar Həsənova Ucar rayonu, H.Əliyev küçəsi, ev 149, mənzil 12 ünvanında qeydiyyatdadır. Hazırda Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yaşadığı ev də özbaşına tikili hesab olunur. Buna görə də şikayətçiyə həmin yaşayış yeri üzrə arayışın verilməsi, İH-nin səlahiyyəti xaricindədir. Şikayətçini cavab qane etmirsə, yenidən müraciət edə bilər”.
SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İbrahim Əhmədov Meydan TV-yə açıqlamasında Nüybar Həsənovanın iddialarını əsassız sayıb:
“Şikayətçinin bildirdiyi həmin ərazi SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir. Həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmin qanunsuz tikili SOCAR əməkdaşları tərəfindən sökülməyib. SOCAR-ın mühafizə xidməti və əməkdaşlıq etdiyi mühafizə şirkətləri yalnız şirkətə məxsus olan torpaqlarda qanunsuz olaraq, yeni hasaralınmanın tikilinin qarşısını ala bilərlər.
Şikayətçi deyir, mühafizə xidmətini icra edən şirkət əməkdaşları onu hədələyərək, rüşvət tələb edib. Bununla bağlı araşdırma bizim də marağımızdadır. Çünki rüşvət tələb etmək yolverilməz və SOCAR-ın biznes etikasına zidd olan davranışdır. Podratçı şirkətlərin əməkdaşlarına qarşı bu cür ittihamların araşdırılması SOCAR-ın korrupsiyaya qarşı siyasətinə uyğundur.
Nüybar Həsənovaya təklif olunur ki, ondan rüşvət tələb olunması, ərizəsində göstərdiyi iddialarla bağlı hüquq- mühafizə orqanlarına müraciət etsin. SOCAR Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilən məhkəmə qərarına əməl edəcək”.