Sovet işğalı dövründə təhsil pulsuz idi. 70-ci illərdən etibarən Azərbaycana rüşvət ayaq açanadək sosial mənşəyindən, maddi durumundan asılı olmayaraq hər bir savadlı gənc ali məktəbə daxil ola bilirdi. 70-ci illərdən başlayaraq Azərbaycanda əksər fakültələrə, xüsusilə də, Azərbaycan Dövlət Unuversitetinin Hüquq, Şərqşünaslıq, Tarix, Filologiya, Tibb Universitetinin Müalicə işi, Pediatriya, Stomatologiya, Xalq Təsərrüfatı İnstitutunun bir çox fakültələrinə daxil olmaq imkansız abiturientlər üçün müşkülə çevrildi. Amma rüşvət verməyə pulu olmayan, lakin öz biliyinə güvənən savadlı gənclər yenə də Moskvanın, Leninqradın, Kiyevin ən nüfuzlu ali təhsil ocaqlarına daxil ola bilirdilər. 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəy qəbulda test sistemini tətbiq etməklə ali təhsilin qapılarının kasıb balalarının üzünə açdı, bütün gənclərə öz biliyi ilə tələbə olmaq şansı verdi və təkcə bu əməlinə görə Azərbaycan xalqı onun adını əbədi olaraq qəlbinə yazdı. Amma bu gün istər sovet işgalı dövründə, istərsə də Elçibəy hakimiyyəti zamanı mövcud olan bərabər təhsil imkanları gənclərimizin əlindən alınıb. Azərbaycanda pulsuz təhsil, demək olar ki, ləğv edilib. Qəbul yerlərinin 70 faizindən çoxu ödənişlidir. Özü də söhbət Azərbaycan şərtlərinə görə çox böyük pullardan gedir. Əhalisinin 70 faizinin işsiz olduğu, həkiminin, müəlliminin 200-250 manat maaş, 150-200 manat pensiya aldığı ölkədə illik təhsil haqqını üç min, dörd min, beş min, hətta altı min beş yüz manata qaldırmaq əslində bərabət təhsil şanslarını aradan qaldırmaq deməkdir. Ayda evinə lap 500-600 manat gəlir gələn bir ailəni düşünün. Onun ərzaq, kommunal, nəqliyyat, digər zəruri xərclərini düşünün. Bu ailə övladını ildə üç min, beş min verib necə oxuda bilər axı?! Elə bir vəziyyət yaradıblar ki, 620, 630 bal toplamış çox savadlı abiturientlər belə istədikləri istisaslar üzrə pulsuz təhsil ala bilmir. Bir qohumumun iki qızı ard-arda Tibb Universitetinin Müalicə işi fakültəsini qazanmışdı. Böyük qız 613, kiçik bacısı 615 bal toplamışdı. Ailə böyük qızın təhsil haqqını ödədi, kiçik övladının təhsilini maliyyələşdirməyə ailənin imkanı çatmadı və o başqa fakültə seçməli oldu, arzuları yarımçıq qaldı. Nədən? Nədən istedadlı gənclərimizə qarşı dövlət səviyyəsində belə haqsızlıq edilir?! Məgər bu ölkəyə ötən on ildə 250 milyard neft gəliri deyilik?! Məgər hər il paytaxtının küçələrində mənasız avtoşluq yarışlarına yüz milyonları xərcləyən bizim hökumət deyil?! Ümidləri qırılan, arzuları ürəklərində qalan gənclərin heçmi haqqı yoxdur o on milyardların, yüz milyardların içində?! Məgər bu qədər zəngin ölkənin bütün sərvətləri bir ovuc adama halal, on milyona isə haram buyurulub?! Ölkəni təhsildən məhrum etmək təkcə harınlıq, acgözlük, korrupsiya məsələsi deyil, strateji seçimdir. Ölkəni təhsildən məhrum etmək onu gələcəkdən məhrum etmək, qaranlığa qərq etmək, zülmətə, cəhalətə məhkum etmək deməkdir. Xalqını gerçəkdən sevən bütün iqtidarlar Elçibəy hakimiyyəti kimi təhsilin yollarını millətinin balaları üçün açır, bu yollara işıq salır. Xalqını sevməyən bütün iqtidarlar isə bu yolları bağlayır, gəncliyin ümid işığını söndürür. Az öncə bütün ölkənin işığını söndürdükləri kimi.
Related Posts
Şüşəli bazar”ın keçmiş sahibi intihar edib
- admin
- 02/12/2017
- 0
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini Qulu Quliyev […]
Qatara çırpılan avtobusun sürücüsü narkoman olub
- admin
- 01/10/2018
- 0
Bu gün Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev […]
“Vaxt gələr hər şeyə qiymət verilər” – Ziya Məmmədovun qardaşı
- admin
- 13/02/2017
- 0
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nəqliyyat Nazirliyi ləğv […]