“Ombudsmanın nümayəndələrinə işgəncə izini göstərdim…”
Bayram Məmmədov Ombudsmanın nümayəndələrinə işgəncə izinin şəklini çəkməyi təklif edib, onlar imtina edərək xəsarət olmayan nahiyələri çəkiblər
Bir neçə gündür ki, gündəmin əsas müzakirə mövzularından biri Heydər Əliyevin heykəlinə şüar yazdığına görə həbs olunan gənclər və onlara verilən işgəncələrdir. Narkotiklə ittiham edilərək həbs olunan gənc fəallar – Bayram Məmmədov və Qiyasəddin İbrahimovun yazdıqları məktublarda onlara verilən işgəncələr haqda ətraflı məlumat verib. Bundan sonra ictimaiyyətdən Ombudsman Elmira Süleymanovaya təkidlə çağırışlar oldu ki, üzərinə düşən vəzifəni yerinə yetirsin, işgəncəyə məruz qalmış gənclərlə görüşsün, onların başına açılan oyunlarla əlaqədar müvafiq dövlət orqanlarına məlumat versin. Nəhayət, Ombudsman Aparatının əməkdaşları gənclərlə görüşüb. Aparatın bu görüşün nəticəsi barədə dünən yaydığı açıqlama isə illərdir Ombudsmanın fəaliyyətinə bələd olanlar üçün gözlənilməz olmadı.
Məlumatda deyilir ki, “Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bayram Məmmədov və Qiyas İbrahimovun bədəninə baxış keçiriblər, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb”. Üstəlik, “gənclər Kürdəxanı təcridxanasında saxlanılma şəraitindən razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, vəkillə görüşdüklərini bildiriblər”.
Halbuki, elə dünən məhkəmədə gənclər hələ də üzərlərində olan işgəncə izlərini hakimlərə göstəriblər. Dünən Bakı Apellyasiya Məhkəməsində Bayram Məmmədov və Qiyasəddin İbrahimovun barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Əvvəlcə Qiyasəddin İbrahimovun həbsindən verilmiş şikayətə baxılıb. Məhkəmədə gənc fəalın müdafiəçiləri Qiyasəddin İbrahimov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, belə bir qərar verilməsə belə, heç olmasa, onun təhsil hüququnun bərpasına imkan verilməsini istəyib. Vəsatət qaldırılıb ki, imtahan günü Qiyasəddin İbrahimov Penitensiar Xidmət əməkdaşlarının nəzarəti altında təhsil aldığı Slavyan Universitetinə gətirilsin və imtahan verməsinə şərait yaradılsın. Lakin Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Gənc fəalın barəsində həbs qərarından verilmiş apellyasiya şikayəti də təmin olunmayıb və Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Hərçənd, Qiyasəddin İbrahimov məhkəmədə bir daha bəyan edib ki, üzərindən və evlərindən tapıldığı iddia olunan narkotikin ona heç bir aidiyyəti yoxdur. Narkotiki polislər özləri qoyub, özləri də götürüblər.
Gənc fəal işgəncə izini hakimlərə də göstərdi…
Digər gənc fəal Bayram Məmmədovun həbsindən verilmiş şikayətə isə Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Gənc fəalın vəkili Fariz Namazlı “Azadlıq”a açıqlamasında bildirib ki, Bayram Məmmədov ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu bildirib və narkotikin cibinə, evlərinə polislər tərəfindən atıldığını deyib. O həmçinin məruz qaldığı işgəncələrdən də danışıb, üzərindəki xəsarət izlərini, biləyində zərbələr nəticəsində yaranmış irinli yaranı məhkəmədəkilərə göstərib.
“Onun üzərində xəsarət izi aşkar görünür. Məhkəmədə hakim də Bayram Məmmədovdan soruşdu ki, işgəncə şikayətilə əlaqədar araşdırma aparmaq üçün prokurorluqdan kimsə gəlibmi? O bildirdi ki, heç kim gəlməyib. Xəsarətin izi itəndən sonra da araşdırma aparmağın heç bir mənası yoxdur. Bayram qeyd etdi ki, onunla Ombudsmanın nümayəndələri də görüşüb. O, Ombudsmanın nümayəndələrinə həmin xəsarət izini göstərib, deyib ki, “bunun da şəklini çəkin”. Onlar isə çəkməyib, deyiblər ki, “bu, başqa şeydən yaranıb”. Bədənində xəsarət izi olmayan hissələrin şəklini çəkiblər”, – deyə Fariz Namazlı bildirib.
Vəkil qeyd edib ki, gənclərə işgəncə verilməsi məsələsi Xətai Rayon Məhkəməsinin onların barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarında da öz əksini tapıb. Qərarda göstərilib ki, işgəncə barədə deyilənlər haqda prokurorluğa məlumat verilsin: “Gənclər mayın 10-dan həbsdədir, amma indiyədək müvafiq dövlət orqanları bununla bağlı heç bir araşdırma aparmayıb”.
Fariz Namazlının sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Qiyasəddin İbrahimovla görüşüb. Bundan başqa, BMT nümayəndələri təcridxanada onların hər ikisinə baş çəkib.
Bayram Məmmədovun həbsindən verilən apellyasiya şikayəti də təmin olunmayıb. Fariz Namazlı bildirib ki, gənclərin həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcəklər.
Xatırladaq ki, gənc fəallar Bayram Məmmədov və Qiyasəddin İbrahimov mayın 10-da saxlanılıblar. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı heykəlinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı. Heykəlin üzərində ağ boya ilə “Qul bayramınız mübarək!” yazılmışdı.
Gənc fəalların həbsindən sonra Daxili İşlər Nazirliyi gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxdığı barədə açıqlama yaydı. Lakin gənclər və onların valideynləri narkotikin ciblərinə və evlərinə polislərin özləri tərəfindən atıldığını bəyan edib.
Keçmiş vicdan məhbusları işgəncələrin araşdırılmasını tələb edir
Bu arada, bir qrup keçmiş siyasi məhbus gənc fəallara işgəncə verilməsi haqda iddiaların araşdırılması tələbilə dövlət orqanlarına müraciət edib.
Müraciətdə bildirilir ki, gənc fəallara polis məntəqələrində saxlandıqları zaman işgəncə verilib, onlar qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalıblar: “Gənclərin yaydığı məlumatda çox dəhşətli faktlardan söhbət açılır. Media nümayəndələrinin olayla bağlı hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli qurumlara ünvanladığı suallara verilən cavablar da dövlətin bu faktları araşdırmaq fikrinin olmadığını göstərir. Jurnalistlərin Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun mətbuat xidmətindən işgəncə iddialarının araşdırılması barədə məlumat almaq cəhdləri uğursuzluqla nəticələnib. Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, 1 saylı Bakı İstintaq Təcridxanasında Bayram Məmmədov və Qiyasəddin İbrahimov əməkdaşlara işgəncə izlərini göstərdikdən sonra onlara bildirilib ki, həkim çağırıb müayinə edəcəklər. Lakin bu günə qədər gənclər həkim müayinəsindən keçirilməyib. Xətai Rayon Məhkəməsi işgəncə hallarının olub-olmamasının araşdırılması barədə qərar verib. Ancaq qərardan 6 gün keçməsinə baxmayaraq, prokurorluqda işgəncə halını araşdırmalı olan məsul şəxs vəkillə və gənclərlə görüşməyib. Bütün bu faktlar dövlət orqanlarının hadisəni ört-basdır etmək niyyətinin olmasını düşünməyə əsas verir”.
Müraciət müəllifləri qeyd edir ki, heç bir hal insanlara işgəncə verilməsinə, onların ləyaqətini alçaldan rəftara məruz qalmalarına əsas ola bilməz: “Biz işgəncə faktlarını araşdırmaq vəzifəsi olan hüquq-mühafizə orqanlarının, məhkəmələrin və digər dövlət qurumlarının, o cümlədən Ombudsman Aparatının bu barədə onlara daxil olan məlumatlara, şikayətlərə belə biganə reaksiyasından acı təəssüf və narahatlıq hissi keçirdiyimizi bildiririk”.
Müraciət müəllifləri məsələnin ciddi araşdırılmasını, Cinayət Məcəlləsinin 133-cü (işgəncə) maddəsilə cinayət işi başlanmasını tələb edir: “Gənclərə qarşı işgəncədə adları hallandırılan polis qurumlarının vəzifəli şəxsləri faktla bağlı araşdırma aparıldığı dövrdə vəzifələrindən kənarlaşdırılmalıdır. Müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinə, hüquq-müdafiə təşkilatlarına və bu sahədə monitorinq aparan beynəlxalq təşkilatların nümayəndələrinə baş verən hadisə ilə bağlı ictimai tədqiqat apara bilmələri üçün onların gənclərlə görüşünə şərait yaradılmalıdır”.
Müraciəti keçmiş vicdan məhbusları İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Tofiq Yaqublu, Rəşadət Axundov, Yadigar Sadıqov, Bəşir Süleymanlı, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Məmməd Əzizov və Ömər Məmmədov imzalayıb.
Aytən Məmmədova