İyulun 3-də Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi güllələyiblər. Hadisə axşam saat 20:00 radələrində İcra Hakimiyyətinin önündəki mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.
Məlumatlara görə, icra başçısı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.
Qeyri rəsmi məlumatlarda göstərilirdi ki, sui-qəsd zamanı icra başçısının mühafizəçisi Qasım Aşbazov həlak olub. Lakin rəsmi məlumatda onun da yaralı olduğu bildirilir.
Baş Prokurorluq, DİN və DTX-nın birgə məlumatında qeyd olunur ki, Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binası qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Сinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.
İcra başçısını güllələyən Yunis Səfərovun şəxsiyyətini təsdiq edən sənəd
Qeyri-rəsmi məlumatlara görə, Yunis Səfərov Rusiya vətəndaşıdır, ötən il Gəncədə mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.
Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.