”Gələcəkdə imtahanlarla bağlı yeniliklər olacaq”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək Dövlət İmtahan Mərkəzinin yaradılmasının bu il ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcəyi bildirilsə də, növbəti illərdə vəziyyətin dəyişəcəyi gözlənilir. Ali məktəblərə sənəd qəbulu aparıldığı bir ərəfədə Komissiyanın Dövlət İmtahan Mərkəzi ilə əvəzlənməsi test üsulundan yararlanacaq abituriyentlərlə bağlı narahatlıq yaratmasa da, gələcək imagesabituriyentlər narahatdır. Bəzi məlumatlara görə, ali məktəblərə qəbul imtahanında test üsulunun saxlanılması ilə yanaşı növbəti mərhələ kimi müsahibənin keçirilməsi də gözlənilir. Bu isə zaman-zaman test üsulunun başının üstünü qara buludların alacağı qənaətini formalaşdırır.

Hətta təhsil naziri Mikayıl Cabbarov da orta məktəbi bitirən məzunların buraxılış imtahanı və attestat qiymətlərinə əsaslanaraq ali məktəblərə qəbulunun mümkünlüyünü bidirib.

Təhsil üzrə ekspert Etibar Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, gələcəkdə imtahanlarla bağlı yeniliklər olacaq:

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlar biliyin obyektiv qiymətləndirməsinə böyük imkanlar yaradır. Buna görə də yaxın gələcəkdə şifahi imtahanların əlavə olunması, konkret olaraq bir imtahan sisteminin tətbiqi gözlənilmir. Bu o halda ola bilər ki, kütləvi narazılıqlar olsun. Eyni zamanda fənlər üzrə test tapşırıqlarında hər hansı nöqsanlar aşkara çıxarılsın. Mərkəz yaradılmamışdan öncə də test, qəbul, sınaq imtahanlarının və açıq testlərin tətbiqində müəyyən yeniliklər olub. Bura açıq testlərin tətbiqini, testlərin daha mükəmməl tərtibatı məsələlərini də əlavə etmək olar”.

Ekspert qeyd olunan dəyişikliklərin tərəfdarı olan şəxslərin ortaya konkret ideya qoya bilmədiklərini vurğulayıb:

“Nəticə etibarilə daha çox maraqlı adamlar bu məsələni qaldırırlar. Onların əksəriyyəti ali məktəb rəhbərliklərində təmsil olunurlar. Onlar istəyirlər ki, yerlərinin hamısı dolsun. Hətta televiziyada çıxış edən ali məktəb rektorlarından biri deyirdi ki, küçədən hamını universitetə yığmaq lazımdır. Orta məktəbi “3” qiyməti ilə bitirən şəxs ali məktəbi necə bitirə bilər? Aşağı nəticə göstərən məzunlar ali məktəblərdə necə uğur qazana bilər? Əslində bu cür adamlar çalışmalıdırlar ki, ali məktəblərə daha yüksək ballı abituriyentlər daxil olsun”.

Etibar Əliyevin fikrincə, keçirilən imtahanlar hələki uğurludur və hər hansı bir dəyişiklik gözlənilə bilməz:

“Orta məktəbi əla qiymətlərlə bitirənlərin böyük bir qismi belə testdə sıfır bal yığırlarsa, demək, bu nəticə orta məktəb qiymətlərinin şişirdilməsidir. Bu tamamilə nazirliyin tabeliyində baş verən məsələdir və çox böyük neqativ hadisələrə yol aça bilər. Gələcəkdə ola bilsin ki, imtahanlar birləşdirilsin. Amma orta məktəblərdə şagirdlərin bilikləri şəffaf qiymətləndirilməlidir. Bu dünya təcrübəsində də var. Belə olan halda vahid imtahan sistemindən danışmaq olar. Amma indinin özündə də görünür ki, orta məktəblərdə şagirdlərin qiymətləndirilməsində xeyli klassifikasiyalara yol verilir”.