Futbola mavi ekran qarşısından baxanlara, meydanda gedən mübarizə qədər də, şərhçinin fikirləri və cümlələri həyəcan gətirir. Lakin, bizdə…
Fikrimcə şərhçilərimizin futboldan xəbəri yoxdur. Dünən axşam (22.07.2015) “Qarabağ” – “Rudar” qarşılaşmasını şərh edən futbol bələdçimiz (guya) epizodların birində “Qarabağ”-ın 2 nömrəli oyunçusu Qara Qarayevin adını çəkdi və öz aləmində Qara Qarayevlə bağlı izləyicilərə məlumat verməyə çalışdı. Şərhində bildirdi ki, bu günlərdə Qarabağın oyunçusu Qara Qarayevlə İspaniyanın “Malaga” klubu arasında danışıqlar gedir. Bunu eşidəndə, hirsimdən istədim oyuna baxmayım, amma, Qarabağ sevgisi hirsimə üstün gəldi. Əsəbimə səbəb isə, belə savadsız və futboldan xəbərsizlərin bizə bələdçilik etməsidir. Çünki, öz dünyasında Qara Qarayevdən məlumat verən bu adını bilmədiyim (və bilmək də istəmədiyim) şəxs bilmir ki, günlərdi xəbər saytlarında və mətbuatda sözü gedən hadisənin qəhrəmanı Qara Qarayev “Qarabağ”ın yox, “Əlincə”futbol klubunun oyunçusu (və yetirməsi) Qaradır. Bu savadsızlar adı və soyadı oxşar olduğu üçün, “Qarabağ”ın oyunçusunu bəstəkar Qara Qarayev kimi də bizə sırıyarlar. Ayıq olun…
Uşaqlıqda arzum idi ki, o zamanların futbol şərhçisi Fikrət Adıgözəlova futbol şərh etməyi tapşırmasınlar. Çünki, futbolu çirkinləşdirən,asta-asta qurulan və epizodlara dəxli olmayan cümlələrlə (sabunlu tərifləri nəzərdə tuturam) ürək sıxan həmin şərhlər yalnız şahmat qarşılaşmalarının tempinə uyğun gəlirdi. Belə görürəmki hələ şərhçilərdən narazılığımız davam edəcək…
Elnur ORUCLU