AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlı 17 sentyabr mitinqində iştiraka çağırış edib. Onun çağırışını azadliq.info-ya xanımı Zümrüd Yağmur çatdırıb. F.Qəhrəmanlı bildirir:
Dəyərli əqidədaşlarım! Bilirisniz ki, artıq 10 aya yaxındır qondarma ittihamlarla sizlərdən uzaq salınmışam. Amma özümü azadlıqdan məhrum edilmiş saymıram. Tək problem odur ki, o meydanları sizinlə paylaşa bilmirəm. Azərbaycan indi daha ağır dönəmlərindən keçir. Ölkədə monarxiyanı rəsmiləşdirmək və bununla da demokratiyanın qarşısında birmənalı əngəl yaratmaq istəyirlər. Amma biz bir xalq olaraq ölkəni geriyə doğru sürükləyən zehniyyətə qarşı çıxıb, “yox!” deməliyik. Bizim mübarizəmiz azad və demokratik, hər kəsin rahat yaşayacağı bir ölkə qurmaq üçündür və bu yolda hər kəs bunu anlamalıdır: biz inadla və ardıcıl mübarizə aparmadıqca ölkəmizi bu geri, feodal dünyagörüşün daşıyıcılarından xilas edə bilməyəcəyik. Gələcəyimiz üçün bu gün monarxiyaya yox deyib, respublika dəylərinə sahb çıxmalıyıq. Bunun üçün ölkədə məhz bu dəyərlərin bərqərar olması naminə çalışanlara dəstək verməliyik və 17 sentyabrda mitinqdə öz səsimiz etiraz edənlərin səsinə qatıb, onun birlik və bərabərlik qüdrətini bu ölkəni zülmətə tabe etmək istəyənlərin dinləməsini, xalqın iradəsi ilə razılaşmasını təmin etməliyik.