Fuad Əhmədliyə 7 il həbs cəzası istənildi.

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Fuad Əhmədliyə 7 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Xatırladaq ki, Fuad Əhmədli 2016-cı ilin avqustunda həbs olunub. O, operator işlədiyi “Azerfon” şirkətində (Nar Mobile) bir neçə nəfərin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunur.
Fuad Əhmədli isə ittihamın yalan olduğunu, siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir.
Qeyd edək ki, bu işdə Fuad Əhmədlinin üzünə durub, onun harada olması haqda məlumatı başqasına ötürdüyünü iddia edən zərərçəkmiş Məhəmməd Quliyevin özü illərlə dələduzluq ittihamı ilə axtarışda olub. Hətta Fuad Əhmədlinin məhkəməsi gedən dövrdə də onun adı axtarışda olanlar siyahısında idi. Gənc fəalın vəkili Əsabəli Mustafayev məhkəmədə bu məsələni qaldırandan sonra Bakı Şəhər Baş Polis İdarəsinin saytında axtarışda olanlar siyahısından onun adı çıxarıldı.