Formula 1 və ya talan formulu

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov ANS-in efirindən Formula 1 yarışması ilə bağlı açıqlama verib: “Yarışın keçirilməsi ilə bağlı müqavilə 10 il müddətinə bağlanıb. Həmin müqaviləyə görə, Azərbaycan ilk beş il ərzində “Formula 1”in keçirilməsindən imtina etsə, 100 milyon dollara yaxın cərimə ödəməlidir”.kohne

Əlbəttə, biz də dövlətimizin “Formula 1” kimi məşhur oyun səbəbindən dünyada analoqu olmayan “legioner idman dövləti” imicinin aşağı düşməsinə qətiyyən razı olmazdıq. Olmazdıq, amma…

Demaqoqluq çıxmasın, mən düşündüklərimi yazacağam əziz oxucular. Siz nə edəcəyinizi özünüz bilərsiniz…

Başlayaq bundan ki, ümumiyyətlə hakim sülalə üçün (dediyim kimi yalnız və yalnız öz əyləncələri üçün) elit sayılan, amma xalqının güzaranı ilə qəti tərs-mütənasib olan bu idman tədbiri bizə lazım idimi? Əlbəttə, indi cənab nazirdən tutmuş, onun bütün “subpodryadşiklərinə” qədər hamısı eyni avazla birağızdan “bu idman yarışı Bakıda keçirilməsə idi, biz batmışdıq, bu yarış olmasaydı bizi kim tanıyacaqdı” kimi fikirlər səsləndirəcək. Hətta Milli Məclisin “kuklaları” bir az da irəli gedib “Azərbaycan bu yarışı keçirməsə, dövlət kimi unudulub BMT üzvlüyündən çıxarılma təhlükəsi ilə üzləşə bilərdi” kimi bəyənatlar da verə bilər. Bir sözlə, bütün avazlar “hər şey vətənçün” deyər…

Sonuncu fikrə mən də əhsən deyərdim, amma… Bu bəylərin “hakimiyyət ağacının” yuxarıdan aşağıya, aşağıdan yuxarıya “hansı yuvanın quşu” olduğunu bilməsəydim, ya da azərbaycanlı yox, məsələn banqladeşli filan olsaydım.

Ötən ilin əvvələrində neft qiymətlərinin hələ 20 ildən sonra enməsini gözlədiyini etiraf edən ölkə başçısı kimi, Azərbaycan xalqının sərvətləri hesabına harınlamış və kifayət qədər güclü biznes imperiyasına malik idman naziri, bu yarışı əldə etmək üçün müraciət etdiyində, şərtlərlə tanış olmamışdımı? Məgər bu dövlət “vizov”lamı idarə olunur ki, imzalanan müqavilələrin şərtləri icra zamanı üzə çıxır? Axı bütün qabaqcıl dünyanı qarşınıza alıb, analoqsuz standartlarınızı nümayiş etdirməyə çalışdığınız zamanda, bir Formula 1 nə idi ki, onu “standartınıza” soxa bilmədiniz? Ya da indi yuxarıdan aşağıya bu etirafların anlamı nədir?

Cənab nazir çıxışında qeyd edib ki, “bu günə qədər asfalt örtüyünü dəyişilməsinə ölkəmiz 12 milyon manat sərf edib. “Formula 1”in əməliyyat şirkətinin büdcəsi isə 100 milyon manatı aşmayacaq.” Səxavətli “rəhbərlərimiz” c’mi 6 km uzunluğu olan yolun, 1 km-nin tikintisinə 2 “milyoncuq” xərcləməyə xəsislik etməyiblər. Niyə də etsinlər axı, arayan yox soran yox. Necə deyərlər: “yeməyənin payını yeyirlər”.

2015-ci ildə 8 milyardın başına daş salıb, bir daha özlərindən başqa heç kimin keçirməyəcəyi “Avropa oyunları” nağılının sonunda, göydən təpəmizə düşürdükləri 3 almanın ağrısı-acısı keçməmiş, Formula 1 nağılının, ondan sonra planlaşdırdıqları İslam Oyunlarının, Youthvisionun, ancaq xammal satışı ilə məşğul olan və satış qiymətlərini özü deyil, birjaların müəyyən etdiyi SOCAR-ın futbol üzrə Fransada keçirilən Avropa çempionatına sponsorluq etməsinin Azərbaycan uğrunda mahiyyətini anlamasam da, özləri üçün nəyə xidmət etdiyini anlamaqda çətinlik çəkmirəm. And olsun ki, əllərində imkan olsa “planetlərarası hoppanmaq” yarışına qədər keçirməyə utanmazlar. Yetər ki büdcəni soymağa bəhanə olsun.

Yeri gəlmişkən, büdcə bir qırağa, bu yarışı onsuz da 20 ildir tikib-sökməkdən iflic etdikləri nəqliyyat sisteminə malik Bakıda keçirməyə qərar verdiklərində, insanları saatlarla tıxaclarda saxlayacaqlarına (onsuz da prezident tualetə gedəndə belə insanlar bu əzabı çəkirdi), ambulansların xəstələrə, yanğınsöndürənlərin hadisə yerlərinə çatmayacağını düşünən biri olmadımı içlərində, ya da düşündülərsə belə, Bakının mərkəzinin infrastruktur baxımından bu yarış üçün yararsız olduğu ağıllarına gəlmədimi? Formula 1 adlı maymaq bir yarışa görə, tariximizi asfaltlamağa dəyərmiydi…

Sizlər dəyməzdi desəniz də, səlahiyyətlərini xalqına xidmət üçün deyil, Sizlərin haqqını oğurlamağa həsr etmişlər üçün dəyər təbii ki. Ayının min oyunu bir armudun başında olduğu kimi, Azərbaycanı idarə edənlərin də keçirdikləri bütün “Formula 1”-lərin məqsədi, uyuyan millətimin sərvətini oğurlamaq formulundan başqa bir şey olmayacaq. Taa ki sizlərin oyanacağı və haqqını istəyəcəyi günə kimi…

“Demokratik İnteqrasiya Assosiasiyası” sədri Qabil Əliyev   (12.06.2018)