Formula 1-in sahibi Azərbaycanı ciddi tənqid edib.

Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib

Formula 1-in sahibi, Liberty Medianın rəhbəri Azərbaycan Grand Prix-i barəsində ciddi tənqid yayaraq bildirib ki, ölkə “uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir”.

Ötən həftə baş tutan konfranslardan birində Liberty-n baş icraçı direktoru Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.

O deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: “Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir? Və beləliklə, Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin, onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər. İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir.”

On milyonlarla dollar xərcləyən müştəri haqqında bu cür nüfuzlu şirkətin böyüyünün hörmətsiz ifadələr istifadə etməsi qeyri-adidir.

Azərbaycan Grand Prix-i üçün ilkin dəyərin 34 milyon dollar olduğu deyilir və bu, cənab Maffei-in sələfi Bernie Ecclestone-un həyata keçirdiyi fərasətli strategiya ilə idarə olunub.