Kiçik sahibkar Raul Qurbanov sahibkarlığın inkişafına mane olan səbəblər haqqında öz fikirlərini bizimlə bölüşdü.
-Raul bəy, Sizcə Azərbaycanda sahibkarlıq mühiti hansı vəziyyətdədir? – Azərbaycanda bu gün sahibkarlıq imkanları demək olar ki, minimuma endirilib. Bu, hökumətin qəbul etdiyi qanunlar və qaydalarla tənzimlənir. Baxmayaraq ki, ölkə başçısı həmişə bildirir ki, sahibkarlığın inkişafına şərait yaratmaq lazımdır. Amma reallıqda sahibkarların fəaliyyətinə ciddi maneələr var. Vergilər, gömrük rüsumları, əlavə yoxlamalar, vergi cinayətləri və s. Bunlardan başqa sahibkarlardan müxtəlif adlarla rüşvət yığılır. Bu rüşvət maşınının başında məmurlar dayanır. Onlar azad sahibkarlıq mühitinin yaradılmasına mane olan ən böyük səbəblərdir. Sahibkarlara maliyyə sanksiyaları elə formada tətbiq olunur ki, onlar bu cərimələrin altından çıxa bilmirlər. Buna görə də ölkədə kiçik və orta sahibkarlıq inkişaf etmir və bunun da nəticəsində əhalinin böyük əksəriyyəti yoxsul təbəqəyə çevrilmişdir. Orta təbəqə demək olar ki, yoxdur.
-Necə fikirləşirsiniz, nələr etmək olar ki, sahibkarlıq mühiti yaxşılaşsın?- Bunun üçün bir çox işlər görmək lazımdır. İlk növbədə sahibkarların məqsədli şəkildə cəlb edildiyi vergi vinayətləri aradan qaldırılmalıdır. Ölkədə hansı sahibkar rüşvət vermirsə, o vergi cinayətinə cəlb olunur. Deməli, bu vergi vinayətləri rüşvətxorluğu həyata keçirmək üçün bir mexanizmdir. Bu hansısa regional vergi idarəsinin və ya vergi əməkdaşının görə biləcəyi bir iş deyildir. Bu tipli oyunların başında adətən nazir səviyyəsndə məmurlar dayanır. Daha konkret desək, Azərbaycanda vergi özbaşınalıqlarının başında Fazil Məmmədov dayanır. Bu mənada maneələri aradan qaldırmaq o qədər də asan deyil. Ölkədə qeyd olunan məsələləri aradan qaldırmaq üçün ciddi islahatlar getməlidir. Buna görə də son keçirilən mitinqlərdə “korrupsiyaya son” şüarları səsləndirildi. Qeyd edim ki, sahibkarlığa kömək üçün ölkədə güzəştli kredirlər tətbiq edilməlidir. Bəzi sahələrə vergi güzəştləri olunmalıdır ki, həm də stimul yaransın. Yəni, başqa insanlar da ürəklə biznesə qoşulsunlar, yoxsa Rusiyaya üz tutmasınlar.