Noyabrın 21-i hakim Əflatun Qasımovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin şikayətinə baxılıb. Şikayət təmin edilməyib.
Noyabrın 11-də Nəsimi Rayon Məhkəməsi onun həbs müddətini 2017-ci il yanvarın 12-dək uzadıb. Faiq Əmirlinin vəkilləri həmin qərardan şikayət vermişdi.
Apellyasiya məhkəməsi rayon məhkəməsinin qərarını əsaslı sayıb, şikayəti rədd edib.
Vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna məhkəmənin bu qərarını əsassız olduğunu deyib:
“İttihamın əsassız olduğunu, heç bir istintaq hərəkətinin aparılmadığını, eləcə də Faiq Əmirlinin səhhətində ciddi problemlərin olduğunu məhkəmənin diqqətinə çatdırdım və onun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırdım. Hakim prokuror Səttar Rzayevin “şikayət təmin edilməsin” fikrini üstün tutaraq, Faiq Əmirlinin həbsdə qalması barədə qərar verdi”, – deyə vəkil qeyd edib.
Vəkil məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib. “Artıq Faiq Əmirovun həbsi ilə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozulması barədə şikayətimizi bir həftə öncə Avropa İnsan Hüquqları Məhkəməsi icraata götürüb”, – deyə vəkil bildirib.