“Fəzail Ağamalı baş qatmaqla məşğuldur”

"Fəzail Ağamalı baş qatmaqla məşğuldur"

Fəzail Ağamalının çıxışı özünüreklamdan, baş qatmaqdan başqa bir şey deyil

Bu haqda Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev deyib. O, F.Ağamalının rayonların ləğv edilib yerində quberniyalar yaradılması təklifinə münasibət bildirərkən deyib ki, quberniya Azərbaycan sözü deyil: “Əvvəla, quberniya bizim söz deyil, bu idarəçilik sistemi də bizə yaddır.

İkincisi, mənə maraqlıdır, bu deputatlar təklif verəndə düşünürmü danışırlar? Rayonları ləğv etmək bu qədər asan proses deyil. Sovet dönəmində Xruşşovun vaxtında belə bir təklif müzakirə olunurdu. Onda rayonlar arasında problemlər, davalar qızışmağa başladı, biri deyirdi mərkəz məndə olsun, o biri deyirdi məndə. Elə də qaldı o məsələ, reallaşmadı. İndi yenidən bu təklifi səsləndirmək baş qatmaqdan başqa bir şey deyil. Fəzail Ağamalı desəydi ki, bu prosesi başlayaq, 2035-ci ildə reallaşdıraq, bir az inandırıcı, ciddi görünərdi, amma bu cür qəti təkliflə çıxış etmək absurddur. Rayonlar 1-2 ilin içində ləğv edilib yerində ayrı idarəçilik sistemi yaradıla bilməz”.