Fəvvarələr Meydanını «Qazilərimiz ölməsin…» şüarı bürüdü; Onlarla aksiyaçı həbs olundu, döyüldü, cərimələndi VİDEO
Məmur özbaşınalığı üzündən özünü yandırmış Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə əlaqədar dünən Bakının Fəvvarələr Meydanında aksiya keçirildi. Sosial şəbəkələrdəki elanda aksiya saat 16:00-a təyin olunsa da, etiraz mitinqi təxminən bir saat gec başladı. Hökumət aksiyaya çox ciddi hazırlaşmışdı. Öncədən əraziyə suvuran maşın da gətirilmişdi, meydan polis nəzarətində idi. Həmişə olduğu kimi, budəfəki aksiyaya da mülki geyimlilər cəlb olunmuşdu.
Bir tərəfdə etiraz, o biri tərəfdə…
Jurnalistlərin çox olması yoldan ötənlərin diqqətini cəlb edirdi. Kimisi ayaq saxlayıb sual verir, kimisi də bir az sakit şəkildə ətrafı seyr edib gedirdi. “Mc Donalds”ın qarşısında jurnalist-polis qələbəliyi vardısa, “Tarqovı”nın o biri hissəsində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Istirahət günü olduğundan insanlar uşaqlarını şəhərə gətirib Şaxta baba ilə şəkil çəkdirir, övladlarına öz ciblərinə uyğun hədiyyələr alırdılar. Bir sözlə, o tərəfdəkilər ölən qazidən xəbərsiz idilər. Hətta yavaş-yavaş bu tərəfə istiqamət alan paytaxt sakinləri jurnalistləri görən kimi yollarını dəyişirdilər, “burada nəsə olacaq” deyib, ya əks istiqamətə, ya da o biri tərəfə gedirdilər.
Mülki geyimlilərin amansızlığı…
Ümumilikdə mitinqdə onlarla gənc iştirak edirdi. AXCP, Müsavat fəallarıyla yanaşı, aktivistlər, sadə vətəndaşlar da aksiyaya qatılmışdı.
Aksiya əvvəlcə səssiz başladı. Yerə oturan, plakat qaldıran gənclər bir neçə dəqiqə susaraq etirazlarını bildirdilər. Bunu görən başqa gənclər də onlara qoşuldu. Daha sonra sükut şüarlarla əvəzləndi. “Qazilərimiz ölməsin, vətən morqa dönməsin!”; “Düşməni yandıranlar, vətəndə yanmasınlar!”; “Ata, sağ qal, ata, mənə yazığın gəlsin!”; “Yandırma bizi!” və başqa şüarlar səsləndirərək Nizaminin heykəlinə doğru irəliləmək istədilər. Bu zaman mülki geyimli şəxslər onların qarşısını kəsdi. Bir neçə nəfər qaçmağa müvəffəq olsa da, AXCP Gənclər Komitəsinin üzvləri Bəyim Həsənli, Türkel Azərtürk, Toğrul Ibrahim, Kamilla Əhmədova, Sabir Məmmədov, Bəxtiyar Hüseynov, Çilənay Seyidi, Tofiq Rüstəmov, Mahirə Süleymanova, cəbhəçi fəallar Kəmalə Bənənyarlı, Orxan Carçı, müsavatçı Samir Poladov həbs edildilər.
Həbs edilənlər polis maşınına mindirilənə qədər zorakılıqla üzləşdilər. Orxan Carçıya qarşı amansız rəftar kənardakıların da etirazına səbəb oldu.
Məhkəməsiz kəsilən cərimələr
Mitinqin birinci hissəsi belə başa çatdı. Bir neçə dəqiqəlik sakitlikdən sonra daha bir neçə gənc etiraz səslərini ucaltdı. Bu zaman Müsavatçı gənclərdən Cavid Hacıbəyli, Tural Sadıqov,ÜlviyyəBağırova, Xəyyam Məmməd, Orxan Eyyubzadə, cəbhəçilərdən Natiq Rüstəmli, Qərib Musayev və başqa bir neçə aktivist həbs olundu.
Bundan sonra etirazçılar fasilələrlə aksiyalara başladı. Gənclər iki-iki, üç-üç Fəvvarələr Meydanında etirazlarını bildirirdilər.
Aksiya Qarabağ qazilərinin həbs olunmasıyla yekunlaşdı. Şahmurad Məmmədov, Cavanşir Osmanlı, Ildırım və başqa qazilər həbs olunaraq, Səbail Rayon Polis Idarəsinə aparıldı.
Günün sonunda məlum oldu ki, onları məhkəməyə aparmadan elə polis idarəsində cərimələyiblər.
AXCP-dən Toğrul Ibrahim, Sabir Məmmədov, Natiq Rüstəmli, Qərib Musayev, Bəxtiyar Hüseynov, Çilənəy Seyidi, Kamilla Əhmədova, Mahirə Hüseynova 300 manat, Müsavatdan Xəyyam Məmməd, Ələkbər Rzayev 300 manat, Qarabağ qaziləri Cavanşir Osmanlı 350, Ildırım Təhməzov 300 manat, bitərəflərdən Novruz Novruzov 300, Məcid Vahid 500 manat cərimələnib.
AXCP üzvləri Kəmalə Bənənyarlı, Bəyim Həsənli, Orxan Carçı, Türkel Azərtürk və Müsavatçı Cavid Hacıbəyli bu gün yenidən polis idarəsinə gələcəkləri barədə iltizam imzaladıqlan sonra buraxılıb.
Yalnız Samir Poladovu Səbail rayon məhkəməsinə apararaq barəsində 15 sutka cəza kəsiblər.
Orxan Eyyubzadə protokola qol çəkmədiyinə görə döyülüb. O cümlədən Orxan Carçı da polis idarəsində təzyiqlərə məruz qalıb.
Xebername.info 30.12.2013 A.Kərimov