Aprelin 26-ı gecə saat 1:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozub. Hərbi vəziyyət eynilə 2 apreldəkinə bənzəyir. Belə ki, Tərtər istiqamətində yerləşən yaşayış məntəqələri və Azərbaycan ordusunun mövqeləri Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulur. Atəş səsləri və mərmi zərbələri ətraf rayonlarda, hətta Ağdaş və Ucarda da eşidilir və hiss olunur
ANS TV-nin Qarabağ bürosunun cəbhə xəttindən verdiyi son məlumata görə artilleriya mərmiləri əsasən Tərtər rayonunun Qapanlı, Yuxarı Qaradağlı, Şıxarx qəsəbəsi ərazilərinə düşüb. Dağıntılar var.
Bu dəqiqələrə qədər dinc sakinlər arasında ölən və yaralanan haqqında məlumat yoxdur. Tərtərlə əlaqəsi və ya orada olan sosial şəbəkə istifadəçiləri xəbər yayırlar ki, bütün rayon ayaqdadır.
Azərbaycan ordusu təcili surətdə bu gözlənilməz artilleriya hücumuna qarşı tədbirlər görür. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya ilə cavab zərbələri endirilir.
Bununla belə, qarşı tərəfdən yeni-yeni nöqtələrdən olmaqla atəşin davam etdiyi deyilir. Vəziyyət ağr olaraq qalır.