Ermənistanın baş naziri Karen Karapetyan yeni hökumətin fəaliyyət planını təqdim edib.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat verir. Parlamentdə çıxışında baş nazir korrupsiya və kölgə iqtisadiyyatı ilə qətiyyətlə mübarizə aparacaqlarına, vergi və gömrük xidmətlərinin imiclərini kökündən dəyişəcəklərinə söz verib. O, hüquq-mühafizə orqanı əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı heç bir faktın cəzasız qalmayacağını bildirib.
“Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Naira Zograbyanın “Biz elə hey “korrupsiya, kölgə iqtisadiyyatı, inhisarçılıq” deyirik. Sanki bunlar qarşısı alınması müşkül bir kabusdur. İnhisarçıların bir neçəsi elə bu salonda əyləşib. Hamımızın yaxşı tanıdığımız həmin inhisarçılarla necə mübarizə aparacaqsınız?” sualına baş nazir lakonik cavab verib: “Necə mübarizə aparacağımızı görəcəksiniz”.
Müxalifət lideri Levon Ter-Petrosyan isə bildirib ki, Karapetyanın səmimiliyinə inanır. Ancaq onun vədlərinə əməl edə bilməsindən ötrü hökumət korrupsiyasına qarşı iki konkret addım atılmalıdır. Bunlardan biri bütün nazirliklərin və digər dövlət qurumlarının büdcədənkənar fondlarının ləğvi, digəri isə BMT-nin Korrupsiya və vəzifəli şəxslərin qanunsuz varlanmasına qarşı mübarizə haqqında Konvensiyasının ratifikasiyasıdır.