Ermənilər nəinki, Azərbaycanın torpaqlarını işğal ediblər, hətta Azərbaycana məxsus maddi-mənəvi sərvətləri də oğurlayaraq öz adlarına çıxarmağa çalışırlar. Oğurlanan sərvətlərdən biri də Qarabağ xalçalarıdır.
Virtual hərracda bir erməninin antik Ermənistan xalçası adı ilə satdığı Qarabağ xalçası həmvətənlimizə rast gəlib. İndi həmin xalçaların sahibləri axtarılır. Xalçanı dəyərli edən amillərdən biri onu qarabağlı ananın övladı üçün toxumasıdır.
Bu xalçalar bir qarabağlı ananın övladına yadigarıdır. Onlardan birinin üstünə “ANASINDAN YADİGAR” sözü də yazılıb
Bir erməninin virtual hərracda satdığı bu xalçalar Los-Ancelesdə yaşayan azərbaycanlı həmvətənlimizin qarşısına çıxıb və o, heç düşmədən xalçaları alıb. Indi bu xalçalar öz həqiqi sahibini axtarırlar.
Jurnalist Vüsalə Məmmədova deyir ki, Amerikada yaşayan soydaşımız bu xalçalara elektron hərracda rast gəlib: “Qarabağ sözü cazib gəldiyindən, məlumata klikləyib və burada Azərbaycan dilində yazı olduğunu görüb. Məlum, bu, işğaldan sonra bizim evlərimizdən oğurlanan, talan edilən əşyalardan ikisidir. Çünki xalçaların üstündə kiril əlifbası ilə Azərbaycan dilində “Anasından övladına əbədi yadigar” deyə bir yazı var”.
Xalçaların üstündəki güllü naxışlar Qarabağda hamıya doğmadır. Demək olar ki, hər evdə bu cür xalça vardı. Hətta yerli camaat ona “güllü gəbə” deyirdi. Cəbrayıllının Böyükməracanlı kəndindən olan Rəbiyyə Şamıyevanın sözlərinə görə, Qarabağ zonasından olan qadınlar bu cür xalçaları öz oğlan övladlarının adına toxuyardılar.
“Çox vaxt, bizim öz kəndimizdə də xalça oğlanın adına toxunardı. Bunlar çətin toxunan xalçalardır, çünki ipləri nazik olur. Biz xana deyərdik həmin dəzgahın adına. Xananın qurulması və həmin xalçalar toxunması üçün gündə ən azı 3-4 nəfər lazım idi. Tək adam toxuyanda arxası kəsmə-kəsmə olardı. Amma 3 nəfər toxuyanda birbaşa arğac axıra qədər vurulardı. Çox vaxt qızların adının yazmazdılar. Əsasən oğlanların adına, xüsusilə də ailədə neçə bacının bir qardaşı olardısa, onların adına toxunardı. Bu bir növ sevgi, qadın sevgisi, ana sevgisini ifadə edirdi”.
Rəbiyyə Şamıyeva o xalçaları görəndə çox təsirləndiyini bildirir və bir anlıq onu keçmişə apardığını deyir: “Xalçaların şəklini görəndə çox qəribə bir hiss məni çuğladı. Çünki bir Qarabağlı kimi, xalçaçılıqdan xəbəri olan bir insan kimi, onu toxuyan bir qadın kimi (hətta uşaq vaxtlarında mən onu toxumağa başlamışam) həmin şəkillər məni cəlb elədi. Biz ona “çeşli” deyərdik, çeşlilərə baxıb onu toxuyardıq”.
Qarabağ xalçaları digər bölgələrin xalçalarından fərqlənir və məhz Qarabağ – xalçaçılığın inkişaf etdiyi ən qədim məkanlardandır. Xalçaçılıq üzrə ekspert Asya Şirəliyeva da bu xalçanın məhz Qarabağa aid olduğunu bildirir.
“Azərbaycan xalçaları texniki xüsusiyyətlərinə görə, həmçinin bədii tərtibatına görə bir-birindən seçilirlər. Hər bölgənin öz kompozisiyası, öz naxış tərtibatı var. Bu xalça da Qarabağ qrupuna aiddir. Azərbaycanın Qarabağ bölgəsi hələ qədim zamanlardan öz nəfis xalçalarıyla məşhur olmuşdur. Bu xalça “Bağçada güllər” kompozisiyası adlanır. Qarabağın zəngin təbiəti, gül-çiçəyi, Qarabağın çox zəngin flora-faunası var. Həmin zənginlik xalçalarda öz əksini tapıb. “Bağçada güllər” xalçasının əsas bəzəyini gül-çiçək təsvirləri, ağac təsvirləri bəzəyir. Əsasən, bu tipli xalçalar XVIII əsrdə Şuşada toxunub”.
Xalçanın üzərində yazılar göstərir ki, bu “Bağdagül” xalçası XX əsrin ortalarında toxunub. Xalçanı toxuyan və onun ailə üzvləri bu gün bizim aramızda ola bilər.
Qeyd edək ki, çəkilən görüntüdə xalça sahibinin adı və doğum tarixi bağlanıb. Bu da ona görədir ki, xalçanı həqiqi sahibi tapılsın. Yəni, xalça kimə məxsusdursa, o, orada kimin adının yazıldığını bilir. Xalçanı alan şəxs həkimdir, vaxtilə Ağdamdakı səyyar hərbi hospitalda bir neçə ay xidmət göstərib. Ona görə də düşmən tapdağı altında olan Qarabağ adını eşidəndə qəlbi titrəyir.
Elşad adlı həkim düşünür ki, bu xalçalar ermənilərin işğal zamanı Qarabağlıların evlərindən qarət etdikləri maddi-mənəvi sərvətlərimizdən yalnız bir nümunədir. Kim bilir onlar daha nə qədər dəyərli mənəvi sərvətlərimizi öz adlarına çıxıb antik əşyalar bazarında satırlar. Onların işğal etdikləri qarabağ elindən oğurladıqları xalçalar arasında həndəsi motivli, nəbati naxışlarla toxunanları da var ki, mənfur qonşular adını dəyişərək erməni xalçası adı ilə dünyaya yayır.