«The Guardian» qəzetində Simon Tisdall yazır ki, Erdoğan-ın Putin-ə məktubu daha geniş diplomatik gedişin tərkib hissəsidir.
«Erdoğan-ın Rusiyayla öpüşüb barışma ehtiyacı bir neçə səbəbdən gücləndi – miqrant böhranına görə Avropayla münasibətləri pisləşdi; ABŞ prezidentin Barack Obama-nın Yaxın Şərqə qarışmamaq siyasətindən narazıdır; inanır ki, ABŞ, NATO və Avropa Birliyin Türkiyənin kürd yaraqlıları və islamçı terrorçuluqla mübarizəsində yetərincə kömək göstərmirlər. Erdoğan Qərbin onun avtoritarizmi, müstəqil mediaya, akademiklərə və tənqidçilərə hücumlarını tənqid etməsindən də xoşlanmır. Onun bu diplomatik itkiləri demokratik dəyərlərin ucuz tutulduğu Səudiyyə Ərəbistanı kimi ölkələrlə əlaqələri dərinləşdirməklə kompensasiya etmək cəhdi də yetərincə uğurlu olmadı», – müəllif yazır.
Erdoğan-ın nazirləri Britaniyanın AB-dən çıxmağa səs verməsindən sonra AB ilə əməkdaşlıqdan da yumşaqcasına danışmağa başlayıblar. Amma prezidentin sərt-xətt tərəfdarı olan sözçüsü İbrahim Kalın ölkənin xarici siyasət xəttində dəyişikliklərlə bağlı deyilənləri təkzib edib. Onun sözlərinə görə, Ukrayna və Suriya məsələlərində Rusiyayla fikir ayrılıqları qalır. Sözçü vurğulayıb ki, İsraillə yaxınlaşmanın da eyni vaxta düşməsi təsadüfdür. (azadliq.org)