Erdoğan Rusiya ilə münasibətləri “yenidən qurmaq” üçün Sankt-Peterburqa gedir

 

Prezident Erdoğan çevrilişə cəhddən sonra rusiyalı həmkarının dəstəyindən məmnundur
Prezident Erdoğan çevrilişə cəhddən sonra rusiyalı həmkarının dəstəyindən məmnundur

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Sankt-Peterburqda prezident Vladimir Putin ilə danışıqlar aparmaqla bağlı deyib ki, o Rusiya ilə münasibətləri “yenidən qurmaq” istəyir.

Bu, cənab Erdoğanın ötən ay baş verən çevrilişə cəhddən sonra bu ölkəyə ilk səfəridir.

Türkiyəni tərk etməzdən əvvəl cənab Erdoğan rusiyalı həmkarına öz “dostu” kimi xitab edib və deyib ki, Rusiya ilə münasibətlərdə yeni səhifə açmaq istəyir.

İki ölkə arası münasibətlər ötən ilin noyabrında, Rusiyaya məxsus hərbi təyyarə Suriya sərhəddində Türkiyə tərəfindən vurulandan sonra pisləşmişdi və bu hadisədən sonra Rusiya ticari əlaqələrə sanksiya qoymaqla yanaşı Türkiyəyə turist səfərlərini də dayandırdı.

İyun ayında Kreml bəyan etmişdi ki, cənab Erdoğan vurulan hərbi təyyarəyə görə üzr istəyib və həlak olan pilotun ailəsinə başsağlığı məktubu göndərib.

Sankt-Peterburqda baş tutacaq danışıqlarda ticarət, investisiya və vacib turizm əlaqələrinin bərpası müzakirə mövzusu olacağı gözlənilir.

İki lider həmçinin indiyə qədər bir-birinə müxalif olan düşüncədə olduqları Suriya məsələsini də müzakirə edəcəyi deyilir.

BBC müxbiri Sarah Rainsford deyir ki, Rusiya çevriliş cəhdindən sonra Türkiyənin Avropa ilə yaranan soyuq münasibətlərindən xeyri götürməyə çalışır.

Cənab Erdoğan çevrilişlə bağlı kütləvi həbslərə görə Avropa Birliyi və ABŞ-ın tənqidlərindən hirslənib.

Çevrilişə cəhdə görə 18 minə yaxın insan ya saxlanılıb ya da həbs olunub, o cümlədən kütləvi sayda hərbi vəzifə dəyişikliyi olub.