Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin Bakıda törətdiyi avtomobil qəzası hakimiyyətdə təmsil olunan məmurların hansı səviyyədə özbaşınaıq etdiyini bir daha ortaya qoydu. Cəmi 2 min manat maaş alan “Qaçqınkom” Əli Həsənovun nəvəsinin 300 min dollarlıq avtomobil sürməsi korrupsiyanın açıq aşkar fəsadı sayıla bilər.
Ən maraqlısı isə budur ki, Nail Allahverdiyevi milyonlarla dollar məbləğində avtoparka malik olması ilə bağlı xəbərlərdir. Bəlkə də Azərbaycan dünyada tək ölkədir ki, burada məmurlar gəlirlərini deklarasiyada göstərmirlər. Məhz bunun nəticəsidir ki, 21 yaşlı gənc milyonlarla oynayır. Və azartını bahalı avtomobillərlə günahsız vətəndaşları öldürməklə keçirir. Artıq neçənci dəfədir ki, məmur balaları analoji hərəkətə yol verir və günahsız adamlar yol terrorunun qurbanı olur.
Hələ utanmadan hadisəni də xalqdan gizlətmək istəyirdi. Əgər ictimaiyyətin sosial şəbəkələrdə güclü təzyiqi olmasaydı, Əli Həsənovun nəvəsi bu qəzadan günahsız çıxarılardı. Baş nazirin müavini ən azı ictimaiyyət qarşısına çıxıb, nəvəsinin törətdiyi avtoxuliqanlığa görə üzr istəməli idi. Çünki, o, Azərbaycan hökümətində yüksək vəzifə tutur və öz ailə üzvlərinin hərəkətlərinə görə məsuliyyət daşıyır. Nəvəsi aşkar xuliqanlıq edib. Üzr istəyib, nəvəsi üçün ən sərt cəza istəməli idi. Ölənlərin ailəsinə başsağlığı verməli idi.
Adam elə-belə məmur deyil və qaçqınların sosial vəziyyətinə cavabdehdir. Hələ tele-kanallarda qaçqınların qarşısına çıxıb, 36 manatlıq müavinətə haqq qazandıran məmurdan nəvəsinə hansı pulla bahalı maşın aldığı sorulmalıdır. O bunun mütləq cəzasını çəkməlidir. Çünki bu qəzada Nail Allahverdiyevdən daha çox Əli Həsənov günahkardır.
Böyük əksəriyyət dövlət başçısı İlham Əliyevin Əli Həsənova hansı cəzanın verəcəyini səbirsizliklə gözləməkdədir. Prezidentin qudurğan məmur balaları ilə bağlı dedikləri sosial şəbəkələrdə paylaşıraq, ondan Əli Həsənovu sərt şəkildə cəzalandırmağı tələb edirlər. Artıq bu sosial sifarişə çevrilib. Necə ki, general Novruzəli Orucovun oğlu avtobus sürücüsünü döydüyü üçün həbsxanaya atıld və özü işdən çıxarıldı. Analoji olaraq Əli Həsənov üçün belə bir cəzanın istənilməsi çox təbiidir.
Bununla belə dövlət başçısının Əli Həsənovu cəzalandıracağına inanmıram. İnanmamağın həm obyektiv, həm də subyektiv səbəblərim var…