Elgiz Sadıqlı azadlığa buraxıldı

Elgiz Sadıqlı martın 25-də azadlığa buraxılıb.

Bu barədə onun atası Əlövsət Sadıqlı Meydan TV-yə deyib.

Elgiz Sadıqlı özü Meydan TV-yə danışıb ki, saxlanıldığı 30 gündə ona təzyiq olmayıb, yalnız Sabunçu Rayon Polis İdarəsində döyüblər.

Elgiz Sadıqlı ona qarşı ittihamları rədd edib:

“Mənə qarşı irəli sürülən ittihamları rədd edirəm, polisə heç bir müqavimət göstərməmişəm. Ona görə qarşılaşdığım durumla bağlı apelyasiya şikayəti verəcəm və Avropa Məhkəməsinə qədər gedəcəyəm”.

Elgiz Sadıqlı fevralın 23-də saxlanılmışdı. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilmişdi.

Fevralın 28-də Bakı Apelyasiya Məhkəməsi E.Sadıqlı barəsində verilmiş qərarı qüvvədə saxlayıb.

E.Sadıqlı məhkəmədə ona polisdə işgəncə verildiyini söyləyib. Bu barədə atası Əlövsət Sadıqlı mətbuata danışıb.

E.Sadıqlı bundan öncə qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq həbs edilib.

Onun doğmaları bildiriblər ki, E.Sadıqlı qardaşı T.Sadıqlının xaricdə siyasi fəaliyyətinə görə təqib olunur. T.Sadıqlı Azərbaycan hökumətini tez-tez tənqid edir.