“Mən fəxr edirəm ki, övladım oğurluq edib, narkomaniya ilə məşğul olub, başqasının evini yıxıb zindana atılmayıb”
Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq sistemindəki qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən, bu addımından az sonra həbs olunan Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib. Toplantıda Rüfətin atası YAP-ın qurucularından olan sabiq deputat, Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Eldar Sabiroğlu da iştirak edib. “Övladım həm də mənim qurbanımdı” “Mən fəxr edirəm ki, övladım oğurluq edib, narkomaniya ilə məşğul olub, başqasının evini yıxıb zindana atılmayıb. O, azad fikrinə, özgür düşüncəsinə görə bu gün həbsxanadadı. Eyni zamanda, övladım həm də mənim qurbanımdı”, – deyə Eldar Sabiroğlu Rüfətin həbsi barədə danışarkən bildirib.
Eldar Sabiroğlu hesab edir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onun barəsində tənqidi yazılarına görə bu yolla ondan intiqam alır: “Mənim Azərbaycan hakimiyyətinin yüksək eşelonunda oturmuş birisi haqqında yazdığım silsilə yazılar və siyasi hekayətlərim ötərigi ola bilməzdi. Mən Ramiz Mehdiyevi nəzərdə tuturam. O adamın nə qədər intiqamçı olduğunu bildiyimdən, dərk edirdim ki, buna görə nə zamansa mənə “dərs veriləcək”. Allahdan arzu edərdim ki, o “dərs” mənim özümə verilsin, mənim intiqamımı oğlumdan almasınlar. Amma o cür şəxslər insanı övladı ilə imtahana çəkirlər. Ramiz Mehdiyevi özümə düşmən hesab edirəm. Mən onun haqqında üç hekayət yazdım. Nəticəsini də gözləyirdim. Amma belə sərt şəkildə oğlumdan intiqam alınması barədə heç fikirləşmirdim. Hərçənd, Rüfətin anası deyirdi ki, “övladıma ziyan verəcəklər”.
Lakin mən öz məsləyimdən dönmədim. Bu gün də acısını çəkirəm. Amma eybi yox, o acı bir gün şirinliyə qovuşar. Biz əlimizdə silah dövlətə qarşı hansısa təxribatla məşğul deyilik. İstəyirik ki, ölkədə azad söz, özgür fikir bərqərar olsun. Mən ata kimi, oğlumun müdafiəsilə bağlı görülən işlərə görə təşəkkür edirəm. Ata üçün çox ağırdı. Amma neyləməli ki, düşmüşəm, gərək çəkəm, axıra qədər ləyaqətlə gedəm.Bizi ayırdılar, amma inanıram ki, bu ayrılıq müvəqqəti olacaq. Tanrıdan bütün günahsız insanların azadlığa çıxmasını, özgürlüyə qovuşmasını arzu edirəm”. “Əliyevin xəbəri olmadan belə addım atılmazdı” Amma Eldar Sabiroğlu düşünür ki, oğlunun həbsinə dövlət başçısı razılıq verib: “Yanvarın 15-də Rüfəti qondarma bir qərarla həbsxanaya atanda yüksək rəhbərliyin göstərişi ilə beş gündən sonra o, azadlığa çıxdı – ev dustaqlığına buraxıldı. 8 sentyabrda da yüksək səviyyədə verilmiş siyasi göstərişlə də oğlumu 9 il həbsə məhkum etdilər. Şübhəsiz, mən inanmıram ki, cənab prezident İlham Əliyevin xəbəri olmadan belə bir addım atılaydı”.