Dövləti kimlər necə dağıdır?

AXCP sədrinin müavini Seymur Həzi

Əziz həmvətənlər, üz-üzə qaldığımız mənzərə çox qorxuncdur. Dövlət orqanları bir-bir yumuşaq desək “çürük” elan edilir. Və bunu sərt cərrahiyə ilə üzə çıxarırlar. Yadınızdadırmı “Qara kəmər” əməliyytı? Eldar Mahmudov Hacı Məmmədova qarşı keçirmişdi. Polisin içərisində böyük cinayətkar dəstə aşkarlandı. Sonradan kimlərin, kimlərin qətlini bu dəstə öz üzərinə götürdü. Ayrıca bir qəbristanlıqları – Qarabulaq məzarlığı aşkarlanmışdı. Dövlətin vuran qolunda -polisdə qanqren aşkarlandı. Və amputasiya.
Daha sonra MTN də, dövlətin görən gözü, düşünən beynində əməliyyat oldu. Özəl türmələr üzə çıxdı. Daha nələr, nələr. Dövlət başçısının ilk qiymətləndirməsi belə olmuşdu: “mənə xəyanət ediblər”. Sonrakı rəsmi ittihamlar öz yerində.
Onun ardınca Mədəniyyət Nazirliyində əməliyyat oldu. Məlum oldu ki, əntiq əşyaları, milli mədəni sərvətləri satırmışlar. Dövlətin mədəni, mənəvi ruhunu bazara çıxarırmışlar.
Nəhayət XİN-də əməliyyat keçirdilər. Orada da idarə rəisini həbs etdilər. O da maliyyə ilə düz rəfdar etməyib. Elmar Məmmədyarovun 4 milyonluq evinin hesabatını axtarırlar.
Məncə, hesabat verməli olanlar bu ölkəni 30 ildir idarə etdiklərini iddia edənlərdir. Bu necə idarəetmədir ki, bütün dövlət aparatı sıradan çıxıb. Cinayətkarlıqla mübarizə aparmalı olan polisin içindən cinayətkar dəstə çıxır, ictimai həyatın nizamını qorumalı olan xəfiyyə orqanı ən böyük talançılıqda və xaos yaratmaqda ittiham olunur, mədəniyyət nazirliyi mədəni sərvətləri satır, XİN korrupsiyaya bulaşır, torpaqları geri almalı olan nazirlik, xarici dövlətlərdə mülk alır?
Bunlara kim cavab verməldir? Bu yarıtmazlarmı, onlardan bir hökumət təşkil edib, dövləti çöküşlə baş-başa qoyanlarmı? Əliyevlər bir az da müdrik olub, uzaq görsələr, Kəlbəlayi demiş, nə möhür qalacaq nə İştampir?!