Dindar xanımın ‘bandotdel’də hədələndiyi bildirilir

polis-300x169

«Müsəlman Birliyi» Hərəkatının üzvü Elnurə Zeynalova dekabrın 21-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Bu haqda AzadlıqRadiosuna təşkilatdan məlumat verilib.Bildirilir ki, dindar xanım saat 11 radələrində idarəyə gedib, üç saata yaxın orada saxlanılıb:«Bu müddətdə ona müxtəlif suallar verilib, hədə-qorxu gəliblər ki, əgər bu yoldan geri çəkilməsə, aqibəti pis olacaq. Hətta hərəkatın başqa bir üzvü Əhsən Nuruzadəni də misal göstəriblər. Bildiriblər ki, ona da əvvəlcə xəbərdarlıq olundu, əhəmiyyət vermədi, axırda uzunmüddətli həbsə göndərildi. «Bandotdel»də verilən suallar, əsasən, Milli Şuranın mitinqlərində iştirakı, Nardaran hadisələrinə görə həbs olunmuş AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmurla münasibətləri, kinodramaturq Eldəniz Quliyevin dindarları niyə müdafiə etməsi və s. haqda olub».

E.Zeynalovanın bundan öncə də Milli Şuranın mitinqi ərəfəsində bir neçə dəfə Sabunçu Rayon Polis İdarəsinə çağrıldığı bildirilir.Dindar xanımın hansı səbəbdən çağrılıb dindirilməsi haqda idarədən münasibət öyrənmək mümkün olmayıb.