Xədicə Eyvazova
H.Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra insanlar daha çox ümid edirdilər ki, Sovetlər dövründə nüfuzlu vəzifədə işləyən şəxs Azərbaycana ağ günlər gətirəcək.
Çünki, müstəqilliyin ilk illərində Azərbaycanda nəyin hara gedəcəyi məlum deyildi. Lakin, gözləntilər özünü doğrultmadı. Çünki, demokratiyadan uzaq, kommunist partiyasının tərbiyəsilə formalaşmış bir insanın insanları xoşbəxtliyə çıxaracağı inandırıcı deyildi. Hakimiyyətə gəldikdən sonra müxalifəti və azad mətbuatı sıradan çıxarmağı qarşısına məqsəd qoyan H.Əliyev eyni zamanda ölkəni öz şəxsi mülkü kimi idarə etməyə başladı. Güclü biznesmenləri və ona yaltaqlıq etməyən insanları bir-bir və müxtəlif yollarla sıradan çıxaran H.Əliyev ailə üzvlərinin gələcəkdə hakimiyyətə gəlməsini planlaşdirmağa başladi. İlk növbədə bütün seçkiləri saxtalaşdırmağa başlayan və bu yolla əvəzedilməz olduğunu göstərən H.Əliyev konstitusiyaya dəyişikliklər etməyin bünövrəsini qoydu və sonra Azərbaycanda heç bir nüfuzu olmayan və heç kəsin tanımadığı oğlu İlham Əliyevi hakimiyyətə gətirmək üçün onu Dövlət Neft Şirkətinə mühüm vəzifəyə gətirdi. Ardınca konstitusiyaya edilən dəyişiklik nəticəsində baş nazirin səlahiyyətlərini artırdı. Eyni zamanda 2003-cü ildə İlham Əliyev qeyri-müəyyən şəraitdə Baş Nazir təyin olundu. Halbuki onun təyinatının Heydər Əliyev tərəfindən verilməsi bu gün də sual doğurur. Çünki, Amerikada müalicə olunan keçmiş Prezident Heydər Əliyevin belə bir sərəncam verməsinə sağlamlığının imkan verməsi bu gün də heç kəsə inandırıcı gəlmir.
Növbəti seçkilərdə İlham Əliyevin prezident “seçilməsi” və Artur Rasizadənin yenidən baş nazir təyin olunması sübut etdi ki, İlham Əliyev məqsədli şəkildə atasından vəzifəni varislik yoluyla əlinə keçirdi. Qeyd edək ki, İ.Əliyev bundan sonra da bir neçə dəfə konstitusiyanı dəyişməyi həyata keçirib. Prezidentliyin səlahiyyətini 5 ildən 7 ilə qaldırıb və ömrünün sonuna qədər namizəd olma statusunu qanuniləşdirib. Bu isə demokratiyanın yox, məhz diktaturanın əlaməti kimi xarakterizə oluna bilər. İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda demokratiyanın heç bir əlaməti qalmayıb. Azadlıq radiosunun Bakı ofisi bağlanılıb, müstəqil qəzetlərin fəaliyyəti sıfır dərəcəsindədir. Artıq internet imkanları da məhdudlaşdırılıb. İctimai təşkilatların fəaliyyəti qanunla qadağan olunub. Leyla Yunus, Rəsul Cəfərov, Anar Məmmədli, Xəsdicə İsmayıl, Mehman Hüseynov və digər tənqidi fikir söyləyən şəxslər həbs olunublar və təzyiq altında fəaliyyət göstərirlər. Heç bir halda İlham Əliyev rejimi əks fikri qəbul etmir və onları ağır cəzalandırır. Qiyas İbrahimovun, Bayram Məmmədovun “qul bayramı” sözlərinə görə ağır işgəncə alaraq narkotika adıyla cəzalandırılması və Taleh Bağırzadənin günlərlə döyülməsi, təhqir olunması İlham Əliyev diktaturasının əsl sübutudur. Növbəti dəfə 2016-cı ildə Konstitusiyaya dəyişiklik edən diktator bu dəfə diktatura rejimini həm də ailə hakimiyyətilə bərkitdi. Vitse-prezidentlik təsis edildikdən sonra prezidentin xanımı Mehriban Əliyeva birinci vitse prezident təyin edilərək ölkənin vəzifəcə ikinci şəxsi oldu. Ölkədə bütün müxalif düşüncəli şəxslər həbsdə və xaricdə yaşadığından diktator və ailə-klan hakimiyyəti istədiyini edir və artıq xarici dövlətlərə də təsir etmək iqtidarındadır. Jurnalist Əfqan Muxtarlının Gürcüstandan gətirilməsi artıq postsovet ölkələrilə Əliyevlər hökumətinin korrupsiya əlaqələrinin olmasının göstəricisidir.
Bütün bunlara baxmayaraq Əliyevlərin ölkəni aqressiya və hissiyat üzərində qurduğunu söyləmək olar. Çünki, düşüncəylə prosesə yanaşma olsa, anlaşılar ki, tarix boyu bütün diktatorların sonu necə qurtarıb. Elə Rumıniyada Çauşeskinin arvadıyla güllələnməsi, Liviyada Qəddafinin öldürülməsi, Hüsnü Mübarəkin taleyi, Səddam Hüseynin taleyi diktaturanın uzunmüddətli sürməyəcəyini göstərir. Ən böyük qorxu isə diktaturanın çökməsi zamanı ölkədə anarxiyanın-yəni qarışıqlığın və ya vətəndaş müharibəsinin olmasıdır. Tarixdə olanlara diqqətlə yanaşdıqda gələcəkdə ölkəmizdə qarışıqlığın olmaması üçün bircə şeyə dua edə bilərik – allahın bizə rəhm etməsinə.