Deputatlar Əli Hüseynli, Fəzail Ağamalı, Çingiz Qənizadə, Məlahət İbrahimqızı, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov və Rövşən Rzayev cinayət qanunvericiliyinə yeni təkliflərinə görə baş prokuror Zakir Qaralova təşəkkürlərini ifadə ediblər.
Bu haqda parlamentin mətbuat xidməti xəbər verir.
Xəbərdə bildirilir ki, noyabrın 16-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputatlar sosial mediada, internet resurslarında prezidentin, onun ailə üzvlərinin şərəf və ləyaqətinin alçaldılmasının yolverilməz olduğunu vurğulayıblar.
Əli Hüseynli Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı baş prokuror Zakir Qaralovun imzası ilə təkliflərin daxil olduğunu bildirib. O, qeyd edib ki, layihələrdə vətəndaşların, xüsusilə də ölkə başçısının şərəf və ləyaqətinin qorunmasının tənzimlənməsi, böhtana, təhqirə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Modern.az xəbər verir ki, deputatlardan Qüdrət Həsənquliyev deyib ki, prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı müddəalar ölkənin Birinci xanımı ilə bağlı da qəbul edilməlidir. «Ölkənin Birinci xanımı dünya səviyyəsində tanınır. Birinci xanım statusdur. Bundan başqa, hesab edirəm ki, həyat yoldaşına qarşı təhqiramiz ifadələr, şərəf və ləyaqətin alçaldılması kimi hərəkətlər elə şəxsin özünə qarşı edilmiş deməkdir», – deputat deyib.