Deputatın qırmızı yalanları hakimiyyəti də narazı salıb.

 

Deputatın “qələmi qırıldı”

Hadı Rəcəbli növbəti parlament seçkilərində deputatlığa namizəd olmayacaq

Mötəbər qaynağın sözlərinə görə, ölkə rəhbərliyi artıq H.Rəcəblini deputat görmək istəmir və gələn seçkidə mandatsız qalacaq.

Bu məsələdən H.Rəcəbli özü də agahdır və qərarı ciddi reaksiya ilə qarşılamayıb. Çünki yaş senzini və kifayət qədər deputat olduğunu özü də dərk edib. Sadəcə, 2015-ci il parlament seçkilərindən sonra nəzərinə çatdırılıb ki, bu onun sonuncu parlament fəaliyyəti olacaq. Bu qərarın erkən açıqlanmasının sirri isə ölkə rəhbərliyinin ondan narazı qalmasıdır.

Əslində, H.Rəcəblini 2015-ci ildə deputat seçmək planı olmayıb. Sadəcə, rəqiblərinin kimliyi bu qərarı verməyə məcbur edib. Çünki H.Rəcəblinin çıxışları hökuməti qane etmir.

Onun yersiz açıqlamaları, seçiciləri və vətəndaşları qıcıqlandıran aşağılayıcı təklifləri, ölkənin sosial problemlər girdabında boğulmasına baxmayaraq sosial siyasətlə bağlı bayağı fikirləri, qırmızı yalanları hakimiyyəti də narazı salıb.

Ölkə rəhbərliyi hesab etmir ki deputatlar şablon çıxışlar etməli və ucuz şəkildə ölkədəki inkişafı təbliğat etməlidir. Əksinə, rəqəmlərin və faktların dili ilə danışmağa üstünlük verilir.

Ümumiyyətlə, bu illərdə H.Rəcəbli nə deputat kimi hakimiyyətə fayda verib, nə də lənkəranlılara. Onun seçicilərlə seçkidən seçkiyə görüşləri olurdu ki son seçkidə bu da gözə dəymədi.

Vətəndaşların şikayətləri isə H.Rəcəbliyə çatmır. Onun əsas diqqəti Lənkərandakı istirahət mərkəzləridir. Həmçinin, rayonda maliyyə idarəsinin rəisi olan qardaşı İqbal Rəcəbovun biznesini inkişaf etdirməyə dəstək verir.

Politika.Az