«Mənim Gürcüstanda oturum iznimin ləğv olunması əsassızdır və hüquqlarımın müdafiəsi uğrunda mübarizəni davam etdirəcəyəm».
Bunu martın 21-də Gürcüstanda oturum izni ləğv edilən müxalifətçi Daşqın Ağalarlı AzadlıqRadiosuna bildirib.
Onun deməsinə görə, baş verənlərə səbəb 2013-cü ildə Azərbaycanda prezident seçkisində Milli Şuranın tərkibindəki fəaliyyətidir: «Biz Milli Şuranın güclənməsindən ötrü əlimizdən gələni etdik. Amma yenə də saxtalaşdırma yolu ilə hakimiyyət xalqın əlindən çıxarıldı».
D.Ağalarlı deyir, 2013-cü il prezident seçkisindən sonra həbs təhlükəsi ilə üzləşib və Gürcüstana yollanıb. Sonra isə Türkiyəyə getməli olub.
D.Ağalarlı deyir ki, 2014-cü ilin martında Türkiyə tərəfi ondan ölkəni tərk etməyi tələb edib: «Üstəlik, məndən ölkəni quru yolla tərk etmək tələb edildi. Elə də etdim, beləliklə mən qayıdarkən Gürcüstanda həbs edildim. Azərbaycan tərəfinin tələbi idi və məni vergidən yayınmaqda ittiham edirdilər. Amma Gürcüstan tərəfi məsələni araşdırdı. Rəsmi Bakı yetərli dəlillər vermədiyindən Azərbaycana təhvil verilmədim. Aydın görünürdü ki, bu, hansısa hüquqi məsələ yox, siyasi məsələdir. Odur ki, Gürcüstan tərəf bundan imtina etdi».
«AZƏRBAYCAN GÜRCÜSTANDAN MƏNİ TƏLƏB EDİR»
D.Ağalarlı hər hansı vergi borcu olmadığına vurğulayaraq, 6 ay Gürcüstanda həbsdə saxlandığını deyir.
O bildirir ki, həmin 6 ayın ilk iki ayı bütün hüquqları pozulub: «İlk vəkilim işi bilərəkdən pozdu. Yeni vəkil prosesə qoşulduqdan sonra işlər irəlilədi. BMT-nin qaçqınlarla iş üzrə Gürcüstan bölməsi bu məsələni diqqətdə saxladı».
D.Ağalarlının deməsinə görə, Gürcüstanda oturum izini alıb. Ancaq bu il martın 21-də Tbilisi Apellyasiya Məhkəməsi onun oturum iznini tanıyan Tbilisi şəhər Məhkəməsinin qərarını ləğv edib. O, bu qərarı əsasız sayır: «Gürcüstan Qaçqınlar və Miqrasiya Nazirliyinin tələbi ilə oturum iznim ləğv edilib. Buna isə səbəb Azərbaycan tərəfinin məni Gürcüstandan tələb etməsidir».
D.Ağalarlı artıq hüquqlarının bərpasından ötrü Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət də hazırladığını bildirib. O, işlərinin çoxluğunu əsas gətirərək suallarımıza qısa cavablarla kifayətləndi.
D.Ağalarlının bu dediklərinə, hələlik, Gürcüstan və Azərbaycan hakimiyyət orqanlarının münasibətini öyrənmək mümkün olmayıb.
XATIRLATMA
Daşqın Ağalarlının 48 yaşı var, iki övlad atasıdır. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövrü Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Ə.Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanaraq sərbəst buraxılıb. Sonrakı illərdə də Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərib.
Britaniyada yerləşən Xarici Siyasət Mərkəzi (Foreign Policy Center) adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında da D.Ağalarlının başına gələnlərə yer verilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi bildirilirdi.
Azərbaycan rəsmiləri D.Ağalarlı ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.