Baş Prokurorluq psixoloq Dəyanət Rzayevin qəsdən öldürülməsi iddialarına münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb: “Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, D.Rzayevin meyiti dünən yaşadığı Murtuza Muxtarov küçəsindəki mənzilindən kəmərdən asılı vəziyyətdə tapılıb.
Tanınmış astroloq Firudin Qurbansoy psixoloq Dəyanət Rzayevin intiharına münasibət bildirib.
Astroloqun sözlərinə görə, D.Rzayev heç vaxt intihara meylli olmayıb:
“Dəyanət olduqca ağıllı, istedadlı, hər tərəfli adam idi. Mən bu xəbəri sizdən eşidirəm və çox pis oldum, inana bilmirəm. Münasibətlərimiz çox yaxşı idi. Onun rəhmətlik atasını da tanıyırdım, çox ədəbli ailə idilər.
Heç cür ağlıma sığışdıra bilmirəm ki, belə ağıllı bir insan intihar etsin. Yəqin ortada başqa bir məsələ var. O, könüllü surətdə intihar etməz, bəlkədə onu təhrik ediblər. Bu iş araşdırılmalıdır”.
Astroloq qeyd edib ki, mərhum çox təmiz insan idi: “Belə bir təmiz adamın da intiharı mücərrəd görünür. Bütün intihar edənlərin yeri cəhənnəmdir, bunu o özü də bilirdi. İnanmıram ki, intihar etsin.
Dəyanətdən son vaxtlar xəbərim yox idi. Ancaq bayramlarda zəngləşirdik, bir məclisdə, yaxud televiziyada görüşürdük. İndi hərə başını aşağı salıb öz işini görür. Nə vaxt, nə də imkan olur görüşməyə. Ona görə çoxdandı Dəyanətdən xəbərim yox idi”.