California ştatının San Diego şəhərində Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan Donald Trump-ın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.
Hadisə Trump-a qarşı təqribən min adamın iştirakı ilə keçirilən nümayiş vaxtı yer alıb.
Meksika ilə sərhədə yaxın bölgədə yerləşən San Diego şəhərinin polisi tərəfləri aralamağa səy göstərib.Bu arada polisə doğru su butulkaları atılıb.
Donald Trump dəfələrlə deyib ki, miqrantların gəlməsinə son qoymaq üçün Meksika ilə ABŞ sərhədində hasar çəkmək lazımdır.
Polisin Twitter hesabında hadisə ilə əlaqədar 35 adamın saxlanıldığı bildirilir.
Donald Trump “dinc nümayişi” pozmağa cəhd edənlərin saxlanılmasına görə polisə öz minnətdarlığını bildirib.
Bu həftənin əvvəlində daha bir seçkiqabağı gərginlik New Mexico ştatında yaşanıb. Trump-ın çıxışından əvvəl yaranan mübahisə nümayişçilərlə polis arasında qarşıdurmaya çevrilib.