C.Həsənli “Ölkə qanunla deyil, cənab Əliyevin şəxsi mülahizələri ilə idarə olunur”.

cemil-hesenli-vashingtonÖlkə başçısı İlham Əliyev yeni repressiya dalğasına star verib. Milli Şuranın sədri, professor Cəmil Həsənli facebook səhifəsində bu haqda yazıb:

Dostlar! Çağdaş günlərimizdə biz 37-nin səksəkəli, həyəcanlı psixolojisini yaşayırıq. Ötən axşam bir-birinin ardınca iki acı xəbər aldıq: Elnur Seyidovun ölümlə təhdidi və Natiq Cəfərlinin qəfil həbsi. AXCP sədri Əli Kərimlinin saxta ittihamlarla, yalnız və yalnız siyasi mülahizələrlə həbsdə olan qaynı Elnur Seyidov saxlandığı cəza evində ölümlə təhdid olunduğunu ailə üzvlərinə telefonla bildirmişdi. Doğrusu Nardaran məhbuslarının məhkəmə prosesində verdikləri ifadələri dinlədikcə bu ölkədə hüquq adında bir şey qalmadığına tam əmin olmuşam. Ona görə də indi bizim ölkəmizdə hər şey mümkündür. Elnur tam saxta ittihamla həbs edilib, MTN-nin ifşasından sonra “Texnikabankın” işi ilə bağlı ittihamın qurama, saxta, qərəzli olduğu üzə çıxıb, Elnur Seyidovdan başqa bu iş üzrə həbs edilənlərin hamısı azadlığa çıxıb. Elnuru isə ölkənin aparıcı müxallifət təşkilatının rəhbəri Əli Kərimliyə qarşı təzyiq vasitəsi kimi həbsdə saxlayırlar. Hətta, Azərbaycan qanunlarına görə Elnur Seyidovun əziyyət çəkdiyi xəstəliyin daşıyıcısının həbsdə saxlanmasına qanun yol verməsə belə. Çünki ölkəmizdə belə məsələlər qanunla deyil, cənab Əliyevin şəxsi mülahizələri ilə tənzimlənir.

Bu həyəcanlandırıcı məlumatın ağır sarsıntıları altında gecə ikən REAL hərəkatının icra katibi Natiq Cəfərlinin həbs xəbərini aldıq. Görünür Natiqin həbsi ilə bağlı tapşırıq elə “mötəbər” yerdən gəlib ki, onun həbsini sabaha belə saxlamağa səbrləri çatmayıb. 37-də siyasi həbsləri gecələr həyata keçirirdilər. Saxta bir ittihamla Natiqi də gecə apardılar. Vəkilin verdiyi məlumata görə onun “qanunsuz sahibkarlıqla məşğul olma” ittihamı ilə həbs ediblər. Bu ölkədə qanuni sahibkarlıq var bəyəm? İndi bu ittihamla istənilər QHT təmsilçisi, iş adamının həbsinə qərar verir, mülkiyyətinə əl qoya bilirlər. Halbuki, ötən iki ildə analoji itihamlar aparıcı QHT təmsilçilərinin keçirilmiş məhkəmə proseslərində ifşa olunmuş, bunların siyasi mülahizələrdən irəli gəldiyi təsdiqlənmişdir. Heç şübhəsiz, Natiq bəyi də ictimai-siyasi fəaliyyətinə görə həbs ediblər. Qalan şeylər bəhanədir. Natiq Cəfərli REAL hərəkatının aparıcı fiqurlarından biridir və onun həbsi də siyasi sifariş üzrə həyata keçirilmişdir.