Cəmil Həsənli beynəlxalq demokratiya mükafatına layiq görüldü

img1501417Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli ABŞ-ın Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin 2015-ci il üçün İon Ratiu Demokratiya Mükafatına (IRDA) layiq görülüb və Vaşinqtonda bir aylıq təqaüd proqramına dəvət edilib. Qərar Ratiu Mükafatı İdarə Heyəti Tərəfindən verilib. Keçmiş mükafatçılar arasında polşalı dissident və ictimai xadim Adam Miçnik də var.

Mərkəz Cəmil Həsənli barədə məlumatında yazır:

“Keçmiş millət vəkili və aparıcı tarixçi professor Həsənli hal-hazırda Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının sədridir. Siyasi fəaliyyətə 1988-1989-cu illərdə başlayan Həsənli gənc tarixçi kimi demokratik hərəkatın və Azərbaycan Xalq Cəbhəsi təşkilatının fəallarından biri olmuşdur. 2013-cu ilin prezident seçkilərində professor Həsənli prezident İlham Əliyevə qarşı müxalifətin vahid namizədi seçilmişdir. Ağır şəxsi maneələrə baxmayaraq Milli Şuranın sədrliyini davam etdirən Həsənli hökümətin insan hüquqları müdafiəçiləri, jurnalistlər və bloqqerlərə qarşı göstərdiyi ağır təzyiqlərə qarşı etiraz edir. O, müntəzəm olaraq siyasi məhbusları ziyarət edir və onların mənəvi və maddi ehtiyaclarına diqqəti çəkir”.
2005-ci ildə yaradılmış İon Ratiu Mükafatının məqsədi dünyada demokratiya uğrunda çalışan şəxslərin ideyalar, ideallar və nailiyyətlərinin beynəlxalq səviyyədə tanınması və diqqətə çatdırılmasıdır. Mükafat demokratiya uğrunda çalışan fəalların fəaliyyətlərinin əhəmiyyətini tanıyır. Mükafat Ruminyalı siyasətci İon Ratiunun demokratiyaya töhvələri, eləcə də dünyada demokratik dəyişikliklərə bağlığını ifadə edir. Mükafatçılar Ratiu ailəsi Fondunun üzvləri və keçmiş mükafatçılardan ibarət olan məsləhətçi heyət tərəfindən seçilir.
Əvvəlki mükafatçılar arasında Mustafa Nayyem (Ukrayna 2014), Angela Kocze ( Macarıstan, 2013), Aung San Suu Kyi (Myanmar, 2012), Nabeel Rajab ( Bəhreyn, 2011), Oleg Kozlovsky ( Rusiya, 2010), Adam Michnik ( Polşa, 2009), Eleonora Cercavschi ( Moldova, 2008), Anatoli Mikhailov (Belarusiya, 2007), Saad İbrahim ( Misir, 2006) və Sergio Aguayo ( Meksika, 2005) var.
Mükafat 1979-cu ildə İon Ratiu və xanımı Elisabeth Ratiu tərəfindən yaradılmış Ratiu Ailəsi Fondunun ( London) və Ratiu Demokratiya Mərkəzi (İon Ratiunun doğulduğu Turdada yerləşən) ilə əməkdaşlığı çərçivəsində dəstəklənməkdədir. Fondun məqsədi Ruminya mədəniyyəti və tarixi sahəsində təhsil və araşdırmaları inkişaf etdirmək, eləcə də vətəndaş cəmiyyətini dünyada demokratiyanın və demokratik prinsiplərin tətbiq edilməsində stimullaşdırmaq və dəstəkləməkdir.
Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi ABŞ Konqresi tərəfindən 1968-ci ildə yaradılıb və paytaxt Vaşinqtonda yerləşir. Bitərəf institut olan Mərkəz dövlət və özəl fondlar tərəfindən dəstəklənir, milli və beynəlxalq münasibətlərin öyrənilməsi ilə məşğuldur. Mərkəz azad, açıq və dolğun ideyalar dialoqu üçün tərəfsiz forum yaradıb və dəstəkləməkdədir.
xebername.info
Siyasi şöbə