“Bugünkü sərəncam da yalnız əfvin imitasiyası oldu”.

Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağı haqda deyilənlər təsdiqini tapdı. Lakin bu sərəncamla siyasi məhbus sayının heç olmasa, qismən azalacağına dair gözləntilər özünü doğrultmadı.

1489673781_efvyeniddhÖlkə başçısı İlham Əliyev martın 16-də növbəti əfv sərəncamı imzalayıb. Sərəncamda 423 nəfərin adı var. Onlardan 412-i azadlıqdan məhrumetmə cəzasından, 11-i isə müxtəlif cəzalardan azad edilib.

Sərəncamda tanınmış siyasi məhbuslardan 4-5 nəfərin adı var. Azadlıqdan məhrumetmə cəzasından azad edilənlər içərisində AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə, NİDA-çı Əbdül Əbilov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovlar da var.

MeydanTV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyov şərti azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Ömürlük cəzaya məhkum olunan iki nəfərin cəzasının müddəti dəyişdirilib. Bunlardan biri DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovdur. Onun cəzası ömürlükdən 15 ilə dəyişdirilib.

***

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində sonuncu əfv sərəncamına münasibət bildirib. AXCP lideri bunu əfvin imitasiyası adlandırıb:

“Ölkə imitasiya zolağından çıxa bilmir. Seçki yoxdur, seçkinin imitasiyası var. Ədalətli məhkəmə yoxdur, məhkəmənin imitasiyası var. Humanizm yoxdur, humanizmin imitasiyası var. Vətənpərvərlik yoxdur, vətənpərvərliyin imitasiyası var (siyahını davam edə bilərsiniz). Əfv yoxdur, əfvin imitasiyası var. Bugünkü sərəncam da yalnız əfvin imitasiyası oldu”.