Biznesi çökdürülən iş adamı hakimiyyəti ittiham etdi
Bir müddət öncə süd və süd məhsulları biznesinin çökdürülməsinə qarşı ciddi etirazları ilə gündəmə gələn iş adamı İlqar Həsənov ölkədə baş verən son olaylarla və korrupsiya halları ilə bağlı saytımıza açıqlama verib. İş adamı korrupsiya mövcud olduğu müddətdə ölkədə heç bir inkişafın olamayacağına diqqət çəkib: “Korrupsiya qeyri-qanuni yolla vəzifə və səlahiyyətlərdən istifadə edərək külli miqdarda pul əldə etməklə başqa şəxslərə xidmət göstərmək və onların xeyrinə güzəştlərin edilməsi fəaliyyətidir. Ümumiyyətlə korrupsiya elə bir prosedurdur ki, onu müəyyən etmək olduqca çətin bir işdir. Korrupsiya vasitəsilə bir qrup cəmiyyətdə varlanır və bunun nəticəsində əhalinin böyük əksəriyyəti kasıbçılıqla üz-üzə qalır. Bütövlükdə cəmiyyətdə qanunların işləməsi qeyri-mümkün olur. Dünyada hökumətlər korrupsiyanın qarşısını almaq məqsədilə idarəetmədə və qanunvericiliyin tətbiq edilməsində adekvat variantlar tapmağa çalışırlar ki, korrupsiya elementlərini minimuma endirsinlər. Çox təəsüf ki, bu gün dünyada bunun qarşısını almaq birmənalı olaraq mümkün deyil. Lakin ayrı-ayrı ölkələrdə korrupsiyanın səviyyəsi müxtəlif səviyyədədir. Avropa ölkələrində hökumətlər bu fəaliyyəti minimuma endirə bilmişlər. Lakin təbii ehtiyatları çox olan ölkələrdə, keçmiş sosialist ölkələrinin əksəriyyətində, Latın Ameikası ölkələrinin əksəriyyətində vəziyyət heç də yaxşı deyil. Bu qəbildən Azərbaycanda da vəziyyət bəlkə də ən pisdir”. O ölkədə yaranmış bu vəziyyət üçün siyasi hakimiyyəti ittiham edib: “Korrupsiya mühitini siyasi hakimiyyətləri yaradır və idarə edir. Bu diktatura rejimi üçün ən gözəl idarəçilik formasıdır. Əgər ölkənin ən yüksək vəzifədə olan insanı istəməsə heç kim bir manat da nə rüşvət ala bilər, nə korrupsiya edə bilər” – deyə iş adamı bildirib.