Sahibsiz itləri Çinə sataq
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (KTN DBNX) rəis müavini Azər Süleymanov jurnalisti futbol topu kimi Bakı Şəhər Baytarlıq İdarəsinin (BŞBİ) rəisi Aslan Aslanova “ötürdü”. Aslan müəllimin dediyinə görə sahibsiz heyvanlar onlarlıq deyilmiş və sığınacaqları da yoxdur. Odur ki, mənimlə sadəcə dərdləşdi. Dedi ki, əslində bu işlərə Bakı şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfat Departamenti cavabdehdir. Sitat: “Vaxtilə sahibsiz itləri güllələyir, dərman verir, tutub aparır, sığınacağa yerləşdirirdilər. Amma heyvanlara qarşı qəddarcasına rəftar Avropa Konvensiyasını dəstəkləyənlər tərəfindən pislənəndən sonra qırağa çəkildilər. İndi hər tərəfdən şikayətlər gəlir, orda uşağın üzərinə it hücum edir, burda bloklara girir, insanları dişləyir. Mən həkim kimi razılaşıram ki, belə heyvanları öldürsünlər. Sahibsiz itdir, xeyir vermir, xəstəlik daşıyıcısıdır. Kim aparıb onu saxlayacaq, ondan nə mənfəət görəcək”? Bekarçılıqdan Aslan müəllimlə bir az da zarafat etdik, dedik başlı-başına qalmaqdansa sahibiz itləri it əti yeməyi sevən Çinə sataq, həm problemdən qurtularıq, həm də pul qazanarıq. Onsuz da onlara baxmaq bir anbar maliyyə tələb edir. Onun da bizdə nə işi var?
İtin də gərək “adamı” olsun
Əslində bu məqaləni hazırlayarkən məqsədim itləri öldürmək üçün qatil tutmaq deyil, onlara sığınacaq axtarmaq idi. Aslan müəllim də məni “Vəfalı Dostlar” klubuna “yönləndirdi”. Klubdan dedilər ki, artıq klinika kimi fəaliyyət göstərirlər, sahibsiz itlərin qəbulu dayandırılıb, sahibi olan itlərə xidmət edirlər. Yəni, kim pul verirsə, ona.
“Stop the killing in Azerbaijan”
Indi bizim bu yazımızdan Britaniyada yaşayan Məryəm Kocana adlı bir xanım inciyib. İt əti yeyən çinlilər qalıb bir yanda, bizi ittiham edir. Qadın Kənd Təsərrüfatı Nazirinə petisiya ünvanlayıb. Adı da belədir “Stop the killing in Azerbaijan”. Yəni, “Azərbaycanda qətliamı dayandırın”. Petisiyada bizi günahlandırırlar: “Azərbaycanda sahibsiz itləri güllələmək və onları yandıraraq nəsillərini azaltmaq adi təcrübədir. Sübut olunub ki, bu barbarlıq və qəddarlıq effektsizdir. Itlərin bu şəkildə kütləvi yığımı böyük hadisələr öncəsi baş verir. Sonuncu dəfə bu, Avroviziya müsabiqəsi və Avropa Olimpiya oyunları öncəsi baş vermişdi. Londondakı İndependent nəşrində Yelena Simakina qorxmuş bir küçüyü xilas etməsi ilə bağlı ürəkparçalayan videosunu ictimailəşdirib. Mən bu yaxınlarda bir məqalə paylaşdım və həmin məqalədə qəzetin yazarı küçə itləri, onların quduzluq daşıyıcısı olmalarından söhbət açırdı (bizim məqaləni nəzərdə tutur-red.). Bu məqalə insanları qorxutmaq üçün hazırlanıb. Azərbaycanda sahibsiz itlər çoxdur, amma onların hamısı quduz deyil, itlər sadəcə təhdid hiss edirlər. Məqalədə həmçinin səslənir ki, hökumət sahibsiz itləri tutub it əti yeyən ölkələrə pul qarşılığında satmağı planlaşdırar. Sizin köməyinizlə biz bunu dayandıra bilərik. Mən ümid edirəm ki, hökümət TNR (trap neuter release) proqramını həyata keçirməklə bu dəliliyə son verər”.
Kocanaya məndən hədiyyə
Guya sıradan bir jurnalist itləri yığıb xarici ölkələrə satmağa hazırlaşır, küçə itlərinə cavabdeh olan qurum Kənd Təsərrüfatı Nazirliyindən isə onu dayandırmağı xahiş edirlər. Kocana sonda israrla bu yazını geri götürməyi və üzür istəməyi də tələb edib. Mən nə yazını geri götürürəm, nə də üzür istəməyə hazırlaşıram. Məhəlləmizdəki bütün sahibsiz itlər heç yerə getməyib, hamısı sağ-salamatdır. Onları Kocanaya bağışlayırıq (bütün ölkədəkiləri bağışlayacağımıza söz verə bilmərəm-red.). O qədər çalışmağımın əksinə, onlara sahib çıxan kimsələri tapa bilmədim. Vəziyyət əvvəlki kimidir. İndi bu xanım gəlib aparıb itlərə qulluq eləsin, məndən fərqli o, dördayaqlıların dostudur. Yazıda da qeyd eləmişdim ki, mənim üçün insan amili heyvanlardan daha öndə gəlir. Təbii ki, heyvanların da əleyhinə bir söz demədiyimi vurğulamaqda fayda var. Azərbaycandan da bu petisiyaya dəstək verənlər tapılıb, amma onların heç biri gedib “dostları”nı himayəyə almaq barədə niyyətlərini ifadə etməyiblər.
Bizimyol.info