“The Guardian” yazır ki, Türkiyənin hakim AKP partiyasının fövqəladə qurultayının keçirilməsi baş nazir Ahmet Davutoğlunun tezliklə öz postunu tərk edəcəyinin işarəsi kimi qiymətləndirilir.
Məqalədə deyilir ki, həm də AKP-nin sədri olan Ahmet Davutoğlu prezident Recep Tayyip Erdoğanla saat yarımlıq görüşdə olub. Görüşün təfərrüatları barədə heç bir məlumat verilməyib.
Əvəzində Türkiyə mediasında iki liderin mühüm siyasət sahələrindəki fikir ixrilafları barədə məlumatlar yayılır.
“The Guardian” yazır ki, keçmiş xarici işlər naziri Davutoğlu tezliklə oyuncaq baş nazirə çevriləcəyi barədə media proqnozlarını doğrultmamaq üçün postunu tərk etməyə hazırlaşır.
“Erdoğanın MK”-sı
Erdoğanın Ankaradakı sarayında keçirilmiş qapalı görüşdən heç bir təfərrüatlar açıqlanmasa da, CNN Türk və NTV kanalları AKP qurultayının bu ayın sonlalarında keçiriləcəyini bildiriblər. Xəbər verilir ki, bu qurultayda partiyanın yeni sədri seçiləcək. Türkiyə Konstitusiyasına görə hakim partiyanın sədri həm də baş nazir olmalıdır.
The Guardian” yazır ki, Davutoğlu cümə axşamı partiyanın Ankarada yerləşən mərkəzi komitəsində mətbuat konfransı keçirəcək. Bundan əvvəl elə burada partiyanın icraiyyə komitəsinin iclası olmalıdır. Qurultayın keçirilməsi barədə qərar məhz bu iclasda qəbul oluna bilər.
Hurriyet qəzetinin müxbiri Abdulkadir Selvi CNN Türkə deyib ki, onda olan məlumata görə Davutoğlu partiya sədrliyinə namizədliyini verməyəcək. Bu isə o deməkdir ki, tezliklə Türkiyənin yeni baş naziri ola bilər.
Türkiyənin hakim elitasından gələn xəbərlər maliyyə bazarlarını təsirləndirib və lirənin dollara nisbətdə məzənnəsi 3,7 faiz enib.
“The Guardian” yazır ki, 2014-cü ilin avqustunda on il baş nazir olduqdan sonra prezident kürsüsünə keçən Erdoğan, hakimiyyəti yalnız öz əlində cəmləşdirməyə çalışmaqda və avtoritarlıqda ittiham olunur.
Türkiyə tarixinin “ən avtoritar lideri”
Washington İnstitutunda Türkiyə araşdırmaları üzrə direktor Soner Cağatay deyib ki, bu, parlament və ordu üzərində nəzarətə malik olan Erdoğan tərəfindən Türkiyə dövlət institutlarının ləğvi istiqamətində daha bir addım olacaq.
Cağatay AFP agentliyinə müsahibəsində deyib ki, Erdoğan Türkiyənin müasir demokratik tarixində heç bir başqa liderin ixtiyarında olmayan hakimiyyət səlahiyyətlərinə sahiblənib.
Təhlilçi bunu da əlavə edib ki, Davutoğlunun vəzifəsindən getməsi Erdoğana özünün bir sıra iflasa uğramış siyasətlərinin təqsirini onun boynuna yükləmək imkanı verəcək.
“The Guardian” yazır ki, bu iki şəxs arasında fikir ixtilafı artıq aylardır davam edirdi və buna görə də Davutoğlunun getməsi xəbəri sürpriz effekti verməyib.
Məqalədə deyilir ki, Davutoğlu Avropa ilə miqrant böhranı barədə razılaşma əldə edilməsi istiqamətində çox çalışsa da, bu saziş Erdoğanı maraqlandırmırdı.
İş elə gətirib ki, Avropa Komissiyası elə bu ərəfədə Türkiyəyə vizasız səfərlər rejimi verəcəyini elan edib.
Erdoğanın kürəkəni baş nazir ola bilər
Davutoğlu bundan əvvəl deyirdi ki, Türkiyədə bu tezliklə prezident üsul-idarəsi yaradılmasına ehtiyac yoxdur, halbuki Erdoğan bütün qüvvəsini elə buna sərf etməkdə idi.
“The Guardian” yazır ki, Davutoğlu habelə Erdoğanın jurnalistlərin məhkəməyə qədər həbsdə saxlanması qərarına qarşı çıxmışdı.
Bu da bildirilir ki, Davutoğlu kürd məsələsinin hərbi yolla həllinin əleyhinədir.
Qəzet diqqəti belə bir məqama çəkir ki, AKP İcraiyyə Komitəsinin partiya sədrini yerli partiya liderlərini təyin etmək səlahiyyətindən məhrum etməsi barədə bu yaxınlarda qəbul olunmuş qərar artıq çox şeydən xəbər verirdi.
“The Guardian” yazır ki, Davutoğlunun getməsi barədə xəbərlər doğrularsa, potensial baş nazir kimi adları çəkilənlərin arasında nəqliyyat naziri Binali Yıldırım və 38 yaşlı gənc enerji naziri Berat Albayrak da var.
Sonuncu prezidentin böyük qızı Esranın əridir.