Dünən bütün dünyanın diqqəti Nyu-Yorkda – BMT Baş Assambleyasının sessiyasında idi. Assambleyanın 70-ci – yubiley sessiyası sentyabrın 15-dən öz işinə başlasa da, dünənki toplantını prezidentlərin iştirakı diqqət mərkəzinə gətirmişdi. Bu toplantıda Suriya problemindən tutmuş, Ukraynadakı vəziyyətə qədər bir çox önəmli məsələlərin müzakirəsi və bu istiqamətdə qərarların qəbulu gözlənilirdi. Sessiyaya qatılanlar arasında ABŞ, Fransa, Britaniya, Yaponiya, Italiya, Yunanıstan, Rusiya, Ukrayna, Litva, Qana, Meksika, Səudiyyə Ərəbistanı liderləri də vardı.
Lakin hamını ən çox maraqlandıran ABŞ prezidenti Barak Obamanın və Rusiya prezidenti Vladimir Putinin çıxışları idi. Məhz bu iki liderin çıxışlarında dünyanı narahat edən problemlərin aqibəti ilə bağlı mesajlar veriləcəkdi.
Hələ bir neçə gün əvvəl ABŞ dövlət katibi Con Kerri nikbin proqnozlar verərək sessiyada Yaxın Şərq probleminin həllinə dair ciddi qərarların qəbul ediləcəyinə işarə vurmuşdu.
Obamadan sərt çıxış
Beləliklə, ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasındakı çıxışı baş tutdu. Çıxış proqnozlaşdırıldığından daha sərt oldu. Sərt ton əsasən Rusiyaya münasibətdə hiss olundu. Obama açıq-aşkar bildirdi ki, Rusiya Ukraynada törətdiklərinə görə cəzasız qalıb vədünya bunu gözardı edə bilməz: “Ukraynanın suverenliyini pozan Rusiyanın cəzasız qalmasını dünya kənardan izləyə bilməz. Krımın Rusiya tərəfindən ilhaqı barədə düşünün. Suverenliyəvə ərazi bütövlüyünə təhdidlər varsa və bu Ukrayna kimi bir ölkədə baş verirsə, biz buna biganə qala bilmərik. Ukraynada baş verənlər dünyanın başqa ölkələrində də təkrarlana bilər”.
Obama Rusiyanın bu siyasətinin Moskvaya hansı itkilər hesabına başa gəlməsindən də danışdı: “Sanksiyalara görə kapital axını, iqtisadiyyat dayanıb, rubl ucuzlaşıb. Rusiyanın ziyalı adamları ölkəni tərk edir. Indi də əksini düşünün.ÿTəsəvvür edin ki, Rusiya diplomatiya yolu ilə gedir, maraqlarının təminatı üçün Ukraynayla, beynəlxalq birliklə birgə işləyir. Bu, Ukraynaya da, Rusiyaya da, elə bütün dünyaya da fayda verərdi”.
Obamanın sözlərinə görə, məhz bu səbəbdən Vaşinqton Ukraynadakı böhranın həllindəisrarlıdır: “Kiyev gələcəyini özü müəyyən etməli və ərazisinə özü nəzarət etməlidir. Məqsədimiz Rusiyanı təcrid etmək deyil. Biz bunu istəmirik. Istəyirik ki, Rusiya güclü vəbizimlə əməkdaşlıqda maraqlı bir dövlət olsun”.ÿ
“Əsəd qəddar hökmdardır”
Daha sonra Suriya məsələsinə toxunan Obama bildirdi ki, ABŞ bu münaqişənin həlli üçün istənilən ölkə ilə əməkdaşlığa hazırdır. O, xüsusilə Rusiya ilə Iranın bu münaqişədə rolunu qeyd etdi. Lakin onu da bildirdi ki, Suriya müharibədən əvvəlki vəziyyətə və statusa qayıda bilməz: “Etiraf etməliyik ki, bu qədər amansızlıq və qan tökülməsindən sonra müharibədənəvvəlki dövrə qayıtmaq olmaz”.
Obama müharibədən əvvəlki dövr deyərək ən böyük ehtimalla, Əsədin aqibətinə işarə vururdu. Çünki Putin Suriya məsələsində onu danışıqlara dəvət edən Qərbə açıq mesac verib ki, münaqişənin həlli Bəşər Əsəd hakimiyyətini qorumaqdan və möhkəmləndirməkdən keçir. Bunun ardınca Almaniya kansleri Angela Merkel bildirmişdi ki, danışıqlara Suriya liderini dəcəlb edə bilərlər. Lakin Assambleyanın bir neçə gün əvvəlki toplantısında çıxış edən Fransa prezidenti Fransua Olland Qərbin Əsədlə bağlı mövqeyinin yumşalmasını sərt tənqid etmişdi. Ollandın fikrincə, Suriyadakı hazırkı xaosun səbəbkarı Bəşər Əsəddir və ölkənin gələcəyindəonun yeri olmamalıdır.
Görünür, Obama Putinin iştirakından istifadə edərək həm ona, həm də bu məsələdə narahatlıq keçirən Qərb liderlərinə çatdırmaq istəyirdi ki, ABŞ da Suriyanın gələcəyini Əsədlə görmür.
Suriya ilə bağlı çıxışının sonunda Obama Bəşər Əsədiÿqəddar hökmdar adlandırdı. Və qeyd etdi ki, IŞID-lə mübarizədə səylər Əsəd rejiminin möhkəmlənməsinə xidmət etməməlidir.
Rusiya və Ukraynadan qarşılıqlı “boykot”
Çıxış növbəsi Ukrayna prezidenti Petro Poroşenkoya çatanda Rusiyanın BMT-dəki nümayəndə heyətinin rəhbəri Vitali Çurkin zalı tərk etdi. Həmin vaxt Rusiya xarici işlər naziri Sergey Lavrov zalda deyildi. O, çıxış üçün gözləmə otağında sıra gözləyirdi. Çurkin zalı tərk etsə də, Rusiya nümayəndə heyətinin bəzi üzvləri içəridə qalmışdı.
Poroşenko isə çıxışı zamanı bildirdi ki, Ukrayna bundan sonra da müqəddəratını özü həll edəcək. Və ukraynalılar hər addıma görə Rusiyadan icazə almaq anlayışını qəbul etmirlər.
Nəhayət gözlənilən an çatdı və tribunaya Rusiya prezidenti Vladimir Putin çıxdı. Bu dəfə dəetiraz Ukrayna nümayəndə heyətindən gəldi. Həm Çurkinin addımına, həm də ümumiyyətləRusiyanın Ukraynaya dair siyasətinə etiraz olaraq ukraynalı rəsmilər zalı tərk etdilər. Həmin vaxt zalın arxa sıralarında Ukrayna bayrağı da dalğandırıldı.
ABŞ Putini “isti” qarşıladı
Putinə qarşı yeganə etiraz tədbiri bu deyildi. Hələ çıxışdan əvvəl Assambleyanın binası önünətoplaşan ABŞ vətəndaşları Putin əleyhinə şüarlar səsləndirmişdilər. Onların əlində “Putin, evinə qayıt!”, “Putin, ölümlərə son ver” şüarlarının, Kremlin Ukrayna və Krıma dair siyasətini tənqid edən fikirlərin yer aldığı plakatlar da var idi.
Lakin Putinin Assambleya tribunasından səsləndirdiyi fikirlər göstərdi ki, bütün bunlar onun mövqeyində hər hansı yumşalma və geriçəkilməyə səbəb olmayıb.
Putin əvvəlki fikrində qalmışdı. Yenə bəyan etdi ki, beynəlxalq aləm Suriya lideri Bəşər Əsədi, həmçinin Iraq və Liviyadakı iqtidarları dəstəkləməlidir: “Bəşər Əsəd və Suriya ordusu iləəməkdaşlıqdan imtina etmək yanlış qərardır. Suriyada Əsəddən başqa real olaraq heç kim IŞID-ə qarşı mübarizə aparmır”.
Putinin fikrincə, IŞID-in yaranması Qərb dünyasının uzağı görə bilməyən siyasətinin nəticəsidir.
Yaxın Şərq, sanksiyalar, terror…
Yaxın Şərq problemi ilə ayrıca məşğul olmağa söz verən Putin BMT çərçivəsində nazirlər şurasının iclasını çağıracağını dedi.
Sanksiyalardan danışarkən Putin bunun rəqibləri bazardan uzaqlaşdırdığını və son nəticədə dədünya iqtisadiyyatının zərər gördüyünü bildirdi.
Ukraynadakı münaqişəyə toxunan Putin Moskvanın Minsk sazişinə əməl edilməsinə tərəfdar olduğunu bəyan etdi.
Beynəlxalq antiterror koalisiyası qurmağı təklif edən Rusiya lideri ora müsəlman dövlətlərinin də daxil etməyi zəruri sayıb: “Terrorçuların ideologiyası Islam dininin həqiqi humanist ideyaları ilə ziddiyyət təşkil edir”.
Putin çıxışına “Biz birlikdə dünyanı daha təhlükəsiz məkana çevirəcəyik” deyərək yekun vurub.
Mətləb BALAKİŞİYEV