Bizim faciəli “müstəqilliyimiz”

xaliq-bahadirXaliq Bahadır

“İstiqlalçı deputatlar”la bağlı yazdığım statusun doğurduğu reaksiyalardan ikisinə qarşılıq yazmaq gərəyi yaranır. Onlardan biri istiqlalçı deputat Hacıbaba Əzimovun reaksiyasıdır. Hacıbaba bəy yazır: “Bu gün bir statusunuzda yazmısınız ki, istiqlalçı deputatlar KQB agentləridir. Bu fikir 43-lərin hamısına aiddir, yoxsa bir qisminə? Məni də həmin agentlər zümrəsinə aid edirsiniz? Bunları aydınlaşdırmağınızı istərdik!”

Hacıbaba bəyin buradakı sorularına bircə sözlə “yox” deyə bilərdim. Sözsüz, mənim o bir “yox”um ona yetərli olacaqdı, ancaq özümə, ola bilsin, oxucularımıza da yetərli olmayacaq. Sözü gedən statusda mənim birinci cümləm belədir: “İstiqlalçı deputatlar KQB  agenti oluqlarından, onların çoxu sonradan antiistiqlal rejiminin əlaltı-qulluqçularına çevrildilər”.  Mənə elə gəlir, bu ölkənin akademik filoloqları belə məni düzgün cümlə qura bilməməkdə qınaya bilməzlər. Mən nəyi də bacarmasan cümlə qurmağı gözəl bacarıram, üstəlik, “cümlədə söz sırası” adlanan filoloji anlayışın da bilicilərindən sayıla bilərəm. Sözsüz, bunu da bilənlər bilər. İndi bizdə orta oxulu qurtaranların yüzdə 92-si Ana dilindən “2” alır. Bu indiki “istiqlaliyətin” bizə qazandırdığı parlaq “üstünlüklərdəndir”.

Belədə soruşa bilərsiz: niyə cümləni elə baş-ayaq qurmuşam? Deyirəm: bilərəkdən. Cümlənin sonunda “çoxu” sözünü işlətmişəm. Demək, o adına “43-lər” deyilənin hamısını KQB agenti adlandırmıram. “İstiqlalçı deputatlar” adlandırılan yığıncalara illərdir məni də çağırırlar, getmirəm. Nədən? Çoxu  ANTİMİLLİ xarakter daşıyan, antiistiqlal siyasətləri yürüdən bir rejimə əlaltılıq edənlərin, qulluq yolu tutanların üzünü görməmək, həyasızcasına yalançı çıxışlarını eşitməmək üçün! Başqaları gerçəkləri bilə-bilə hər il o yığıncaqlara qatılmaqla satılmış dəyəırsizlərə dəyər qazandırırlar. Bu görsənişin özü mənim bilərəkdən baş-ayaq qurulmuş sözügedən cümləm kimi “istiqlal” anlayışını baş-ayaq edir. Hamı satılmışları görür, bilir, tanıyır, hamı da susur. Bu isə sizin dediyiniz, adıyla öyündüyünüz gerçək İSTİQLAL görsənişi deyil, başıqapazlılıq, köləlik, MÜSTƏMLƏKƏÇİLİK (burada düşüncə müstəmləkəçiliyi!) görsənişləridir!

“İstiqlal” nə deməkdir?

Birinci, sözün özünə baxaq. “İstiqlal” ərəbcədir, bizim dildə, mən hər yerdə yazdığım kimi, BAĞIMSIZLIQ – ÖZGÜRLÜK deməkdir. Biz sizin dediyiniz kimi “İstiqlaliyyət” qazanmışıqsa, dilimiz-türkcəmiz niyə bir belə, çoxluğun dililə desək, müstəmləkə əsarətindədir. Dövlətə, dövlət hakimiyətinə bağlı teleradioların, qəzetlərin dilinə baxın, nə görəıcəksiz: pozuqdan pozuq dil – danışıq, dolaş-bulaş sözlər, çoxu anlamsız söz yığını. Mənim çox sevdiyim rus yazıçısı A.P.Çexov deyir: “Özgür olmayan adamlarda anlayışlar da qarışıq olur”. İndi gedin teleradiolarından dövlətin başında duranlarınadək bu ölkə adamlarının danışdıqlarını dinləyin (qulaq asın), Nizami Gəncəli demiş: zəncinin başı sayaq qarışıq-qarışmış “dünya” görəcəksiz. Siz buna “istiqlal” da deyə bilərsiz, bunu bayram da edə bilərsiz, ancaq bu məndən ötrü  anlamsız bir nəsnədir: mən BAĞIMSIZLIQ – ÖZGÜRLÜK daşıyıcısı-yolçusuyam!

Bu ölkədə bir çoxlarının mənə nifrət etdiklərini gözəl bilirəm. Alman jurnalisti Ulrike Mariya Meinhof belə nifrətin nədənini gözəl açıqlayır: “Kölələr özgür olmaq istəyənlərə nifrət edərlər”. Kölə düşüncəli KQB agentləri tapşırıqla sizin dediyiniz “Müstəqillik aktına” qol qoya bilərdilər, ancaq o YOLu gedə bilməzdilər: o YOL ərlərin-ərənlərin YOLudur – bu üzdən! Belədə onlara yalnılz satılmaqla qazandıqları varlı yaşam içində Bağımsızlıq – Özgürlük YOLunu gedənlərə altdan-altdan baxıb nifrət etmək qalır. Böyük YOL yolçusu olaraq mən onlara nifrət etmirəm, ancaq onların çibin kimi ortada ürək bulandırmalarına da dözə bilmirəm…

İndi sözün anlamına baxaq. Qoy “istiqlaliyyətin” anlamını ərəblər araşdırsınlar, biz BAĞIMSIZLIQ – ÖZGÜRLÜK sözünün anlamını araşdıraq. Bağımsızlığın (“istiqlaliyətin”) iki başlıca atributu var: ekonomik, politik. Bunlar ikisi bir-birinə bağlıdır: biri olmayanda o biri də olmur. Olansa, indiki Azərbaycandakı kimi olur – yalandan.  Bu gün Azərbaycanda xalqa yoxsulluq-yolsuzluqla diz çöküdürülüb. Belə xalqı bağımsız xalq adlandırmaq olarmı? Sözsüz, yox! Hüquqsuzluq olan yerdə bağımsızlıq ola bilməz.

Politik baxımdan yanaşma nə göstərir: antixalq xarakteri daşıyan oyuncaq hökumət, parlament, ha belə. Bunun ən parlaq görsənişi bu ilin aprelində baş verən döyüşlə bağlı ortaya çıxan faktdır. Uzun illərdən bəri milyardlarla dollarlıq yeyinti-mənimsəmə içində bir az ordu quruculuğu da olmuşdu. “Dövlər başçısı” adlanan adam qaçqın-köçkünlərin qarşısında öyünərək deyirdi: “Azərbaycanın güclü ordusu var, biz yalnız Dağlıq Qarabağı deyil, tarixi torpaqlarımız olan Göyçə-Zəngəzuru da geri qaytaracağıq”.  Ordumuz aprelin başlanğıcında uğurlu döyaşlərə başladı. Sonra nə oldu? Moskvadan gələn “Dayan!” buyruğunun qorxusundan uğurlarımız uğursuzluğa çevrildi, böyük itkilərlə geri döndük. “Regionun ən güclü ordusuyla” 26-sı zabit olmaqla yüzdən artıq boşuna qurban verdik – bu da sizə İSTİQLALİYYƏT!

***

Statusa ikinci reaksiya

Feysbuk yoldaşlarımızdan biri yazır: “Xaliq Bahadır, bu cəmiyyət o qədər Sizin və digərlərinin ifşaedici yazıları ilə tanış olub ki… İnanın ki, KQB arxivləri də açılsasydı yenə də heç bir nəticə olmayacaqdı”. Bax, xalqı indiki satqıncasına “istiqlaliyyət” axarında belə bir çıxmaza gətirib çıxarıblar: “heç nədə heç bir nəticə yoxdur, olmayacaq”. Uğursuzluq rejiminin doğurduğu uğursuzluq düşüncəsi! Belə düşüncəyə yüklənən xalq gələcəksiz xalq deməkdir. Bizdə indi nədən danışılır danışılsın böyük çoxluq belə düşünür: “heç bir nəticə olmayacaq”.

KQB faktoru

Keçək sözügedən qonuya – KQB qonusuna. Kiminsə, kimlərinsə KQB agentləri ilə bağlı “ifşaedici” yazılar yazması başqadır, KQB arxivlərinin açılması faktı başqa. Doğru olsa belə, birinci sözdür, ikinci fakt. Sözdən qaçmaq olar (qaçırlar da), faktdan qaçmaq olmur. Biz illərdir bildiyimiz faktlardan çıxış edərək, deyildiyi kimi, “ifşaedici” yazılar yazırıq, ancaq nə olsun – əlimiz boşda qalır! Ortada Avropanın sosialist, eləcə də Sovetdən çıxmış Baltik ölkələrinin görküsü var. O ölkələrdə KQB arxivlərinin açılması istər toplum arasında, istərsə də dövlət qurumlarında böyük bir irəliləyişə gətirib çıxardı: arxivlərin açılmasıyla agenturanın qaçıb dağılması bir oldu.

Bizdə arxivlər açılmadı. Ə.Elçibəyin seçkiqabağı platformasında vardı: “Prezident seçilsəm, KQB arxivlərini açacam,  Milli Məclisi buraxacam”.  Soruşula bilər: bunları bir-birinə bağlayan nədi? Açması: Milli Məclisin formaşaldırılmasında KQB böyük rol oynamışdı, daha doğrusu, Millli Məclis başlıca olaraq KQB agentlərindən formalaşdırılmışdı. KQB arxivləri açılınca, deputat mandatına yiyələnmiş böyük çoxluğun gerçək kimliyi ortaya çıxacaqdı – müxalifət adına mandat alanlar da eləcə! Elçibəy prezident seçilməyinə seçildi, ancaq KQB arxivlərini açmadı. Prezidentlik dönəmində ona AXC hakimiyətində yüksək yer tutan 144 agentin adı verilmişdi. O nə etdi? Bir daş altda, bir daş üstdə!

İnformasiya studiyasının direktoru olaraq, 1992-ci il dekabrın 30-da televiziya ekranından KQB arxivlərini açmağa, Milli Məclisi buraxmağa çağıran çıxışda bulundum. “Bunları etməsək, dövlət qurumlarına doluşmuş agentura tezliklə bizi yıxacaq”, dedim. Mən onda bir il qabaq sevə-sevə seçdiyimiz prezidentimizə arxalanırdım. Aradan beş-altı gün keçmiş Milli Məclisdə mənə karşı aqressiv bir kampaniya başladı, mənimlə bağılı ard-arda üç qərar çıxarıldı, sonra da məni olmayan “dövlət cinayətində” suçlamaqla işdən çıxardılar (1993-cü il aprelin 14-də). Sonra AXC hakimiyəti devrildi. Mənim qondarma suçlamayla işdən çıxarılmağımda başlıca rol oynayan birilər sonra keçib müxalifətin başında durdular. Hakimiyətdən gedəndən sonrakı qəzet çıxışlarının birində Elçibəy hakimiyətinin yıxılma nədənini belə göstərirdi: “KQB arxivlərini açmamağım, Milli Məclisi buraxmamağım”. İndi sağ olsaydı, müxalifətin uğursuzluğunun başlıca nədənini, çox oala bilsin, belə göstərərdi: “KQB arxivlərini açmamağım”. Bu isə eləcə yanlışlıq, eləcə suç sayılacaq görsənişlərdən deyil…

İndi özünüz düşünün, görün xalq, ölkə, dövlət olaraq bizim uğursuzluqlarımızın kökü haralara gedib çıxır. Çalışın, sonda bütün KQB bağlarının gedib çıxdığı Moskvanı unutmayasız. Bunlar istər-istəməz Moskvanın uzantıları, gərəkirkən buyruq qullarıdır…