Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli report.az saytına müsahibə verib həmin müsahibədən “maraqlı”fikirləri təqdim edirik.
Heydər Əliyevin idarəetmə prioritetləri seçmə ustası olması bizi bəlalardan xilas etdi. Sonralar isə islahatlar aparıldı. Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri olmayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, populizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu.
Yaxşı yaşayış üçün qənaət də olmalıdır. Dünyada qəbul olunmuş bir aforizm var, o adam varlı deyil ki, o çox qazanır. O adam varlıdır ki, daha qənaətcildir. Bankdan kredit götürürlər, soruşursan, niyə götürmüsən? Deyir, qızıma bahalı telefon almışam. Adama deyərlər, yorğanına bax, ayağını uzat.
Məsələnin başqa tərəfi də var, indi adi suvaqçı ayda 2 min manata qədər pul alır. Amma polis orqanlarında 300 manata gözətçiliyə razıdırlar, suvaqçı işləməyə yox. Bizdə bu tipli peşələrin təbliği zəifdir.
Vəzifəli şəxslərin keçdiyi həyat yoluna diqqət edin, əksəriyyəti fəhləlikdən başlayıb, dözüb işləyib. Axı insan niyə zəhmət çəkməsin ki? Azərbaycanda orta və kiçik sahibkarlar iş yerləri yaradırlar. Bizdə nədənsə pul qazanana, sahibkara, iş yeri yaradana digərləri paxıllıq edir, üstünə düşürlər. Həmin adamlara demək lazımdır ki, bacarırsan, sən də et. Pulu qazanmaq üçün bir sıra keyfiyyətlər lazımdır. Təəsüf ki, bu da hamıda olmur.