Azərbaycanda mərc oyunlarının idarəolunmasıyla bağlı yeni qaydalar qüvvəyə minib. Bu barədə mütəxəssislərin fikirlərini diqqətinizə çatdırırıq
Sahibkar, Fərhad Həsənov mərc oyunlarının məhdudlaşmasına mənfi münasibəti olduğunu bildirdi: “Azərbaycanda mən mərc oyunları və digər bizneslə məşğul olan şəxs kimi deyə bilərəm ki, insanların hər növ fəaliyyətinə müdaxiləyə mən tənqidi yanaşıram. Çünki, insanların yaşayışına və sağılamlığına zərər verməyən istənilən fəaliyyət keçərlidir. Və hökumət bu iş üçün şərait yaratmalıdır. Bu, fəlsəfi cəhətdən belədir və bütün dünyada bu cür qəbul edilib. Mənim də qanun çərçivəsində fəaliyyət göstərdiyim mərc oyunlarının ləğvi mənim biznes gəaliyyətimin məhdudlaşdırılmasıdır. Çünki, mən özümü bu sahədə görürəmsə və bu işə insanlar cəlb etməklə onların da məşğuliyyətini təmin edirəmsə, o cümlədən vergi və s. öhdəliklərimi yerinə yetirirəmsə bu zaman mənim fəaliyyətimin məhdudlaşdırılması artıq insan haqlarının pozulmasıdır”.
Fərhad Həsənov mərc və iddia oyunlarının çox olmasının sosial və psixoloji problemlər yaratmasına da öz münasibətini bildirdi: “Əvvəla heç kəsi mərc etməyə heç kəs məcbur edə bilməz. İnsanlar könüllü olaraq özləri iddiaya girməkdə maraqlıdırsa bunun qarşısını almaq lazım deyil. Bu sadəcə reklamdır ki, cəmiyyətə qəbul elətdirirlər. Amma bütün günü televiziyalarda loto oyunlarına bir söz deyən yoxdur. Yəni o da mərcdir də və orada da insanlar pul qoyurlar. Yaxud da mərc oyunlarının bir nöqtədə cəmlənməsi sosial-psioloji problemi həll edir? Bu sadəcə cəmiyyətdə populyar olan bir biznes sahəsinin vahid əldə cəmlənməsinə xidmət edən addımdır. Biz sadəcə kütləvi təbliğatlar apara bilərik ki, mərc oyunlarının hansı mənfi tərəfləri vardır ki, insanlar daha az burada iştirak etsinlər”.
İqtisadçı Samir Əliyev bildirir ki, cəmi bir il əvvəl idman mərc oyunlarından əldə edilən gəlirləri vergiyə cəlb edən parlamentin yenidən vergidən azad etməsi anlaşılan deyil. “Bir qayda olaraq o sahəyə vergi güzəşti verilir ki, hökumət həmin sahənin inkişafında maraqlıdır. Necə ki, kənd təsərrüfatının, əmanət bazarının inkişafında maraqlı olduğu üçün həmin sahələrdə analoji addım atıldı. Belə çıxır ki TOPAZ-a ona görə vergi güzəşti verilir ki, Azərbaycanda mədəni “qumar” oyunu çiçəklənsin. Halbuki vergi güzəştinə ehtiyacı və inkişafı vacib olan xeyli sahələr var. Büdcənin ağır günündə, əlavə gəlir mənbələrinə ehtiyac olduğu bir vaxtda mərc oyunlarına dəstək vermək anlaşılan deyil. Bunun insanların həyat səviyyəsinə faydasının nədən ibarət olduğu görünmür” – deyə ekspert bildirib.
İqtisadçı ekspert Natiq Cəfərli də açıqlamasında bildirir ki, 1 il əvvəl qanunvericilikdə dəyişiklik edilərək mərc oyunlarından əldə olunan gəlirlərə 10 faizlik vergi tətbiq olunmuşdu. “Bir il ərzində nə dəyişdi ki, yenidən belə bir qərar qəbul etmək məcburiyyətində qaldılar? Hökumət bir il sonranı proqnozlaşdıra bilmirsə, müəyyən addım ataraq geri çəkilirsə, bunun özü təəssüf doğuran haldır. Çünki hökumətlər ən azı bir neçə illik proqramlarını hazırlamalıdırlar”.
Ekspert qeyd edir ki, qanunvericiliyə edilən dəyişiklik hökumət tərəfindən belə izah olunur: “Məsələnin izah olunan tərəfi ondan ibarətdir ki, Azərbaycanda TOPAZ-dan əlavə saytlar vasitəsilə qeyri-rəsmi mərc oyunları həyata keçirilir. Bu dəyişiklikdən əvvəl də müvafiq fərmanla polisə və vergi orqanlarına əlavə səlahiyyətlər verildi ki, bu kimi fəaliyyətin qarşısı alınsın. Uduşlara qoyulan 10 faizlik verginin götürülməsi guya xarici saytlar vasitəsilə mərc oyunlarının qarşısını almaq və ölkədən valyuta çıxışının müəyyən dərəcədə tənzimlənməsi üçündür. Amma texnologiyanın inkişaf etdiyi bir dövrdə kimsə xarici saytlar vasitəsilə oyun oynamaq istəyirsə, bunun qarşısını almaq mümkün deyil. Çünki texnoloji yeniliklər və insanların bundan istifadə qabuliyyəti o dərəcədə inkişaf edib ki, qoyulan əngəlləri həmən aşmağa imkan var. Məsələn, Türkiyədə müəyyən sosial şəbəkələrə, saytlara giriş qadağan edilən zaman insanlar “proxy server”lər vasitəsilə istədikləri sayta girirdilər. Azərbaycanda da təxminın eyni vəziyyət olacaq”. Ekspert qeyd edir ki, bu istiqamətdə atılan addımların ciddi bir effektinin olacağını düşünmür.