Biznesi çökdürülən sahibkar danışdı
“Sahibkarlıq sistemində olan qanunsuzluq çox ciddi təhlükəyə çevrilməkdədir və demək olar ki, ötən hər gün daha da artıq. Bu problemdən zəiyyət çəkən bir çox sahibkarlar öz etirazlarına bildirəndə isə daha çətin duruma düşürlər və polis təzyiqi ilə o cümlədən siyasi təzyiqlə üzləşirlər” – Bu sözləri “Kəndimiz” yağ-süd məhsulları firmasının sahibi İlqar Həsənov durumunu izah edərkən deyib.
İ.Həsənovun sözlərinə görə bu, təkcə vergi orqanlarındakı vəziyyətlə bağlı deyil: “Hakimiyyət özü də başa düşür ki, sahibkarlar həssas təbəqədir. Onsuz da onların nəzarətindən kənarda qalan sahibkarlar çox azdır. O baxımdan hakimiyyətdən kənar və hakimiyyət bölgüsünü ayırıram ki, bu və digər məmurun “krışa”lığında olan sahibkarlar o qədər də əziyyət çəkmirlər, dövlət qurumlarının qanunsuz müdaxilələrindən sığortalanıblar. Bu vəziyyətdən daha çox xırda və orta sahibkarlar, kiçik ticarət mağazaları əziyyət çəkir. Onların da bir hissəsi hakimiyyətdən kənar, böyük oliqarxlara bağlı olmayanlardır. Amma nə qədər kənar olsalar belə, siyasi hakimiyyətə sərf etmir ki, onlar gedib siyasi qüvvələrə meyllənsinlər. Ola bilməz ki, hakimiyyət ölkədə gedən prosesləri izləməsin. Ən ucqar nöqtələrdə belə baş verənlərdən agahdırlar, ümumi vəziyyətdən xəbərdardırlar. Bu, həm də siyasi hakimiyyətin onların nəzarətində olamayan kiçik və orta sahibkarlara münasibətini göstərir”.
İ.Həsənov qeyd edib ki, ölkədə sahibkarlıq mühitinin olmaması problemin kökündə duran əsas məsələdir: “Sahibkarlıq mühitinin olmaması isə ən başlıca problemdir və təkcə prezident sərəncamları, fərmanları ilə həll olunmur. Prezident də yəqin ki bu baş verənlərdən xəbərsiz deyil. Amma sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün heç nə etmir. Mən deyərdim ki, onun özü elə ölkədə orta sahibkarlar mühitini sıxışdırlmasında və onlardan pul soyulmasında maraqlıdır. Hər halda bu korrupsiya pramidasıdır və bu puldan yəqin ki, ən sonda ona da çatır. Belə olmasa mənim biznesimi çökdürüb neçə-neçə adamı ac qoymazdılar”.