“Belə absudr dəyişikliklərdən sonra nə yerli, nə xarici iş adamları ölkəyə investisiya qoymayacaq”

Puşkin və referendum - Natiq Cəfərli yazır
REAL İdarə Heyətinin üzvü, 
Natiq Cəfərli yazır.
 Bu günlərdə yayılan xəbərlərə görə 1991-ci il doğumlu Hugh Richard Louis Grosvenor dünyanın ən gənc milyarderi oldu. O atasınin, Vestminster Hersoqu Gerald Grosvenorin ölümündən sonra bütün ailə biznesinin və aktivlərinin sahibinə çevrildi.
Grosvenorlər ailəsinin yüksəlişi, varlanması 1677-ci ildə Londonun mərkəzində Belgravia və Mayfair bölgəsində aldıqları torpaqla başladı. Yəni, ailə 340 il bundan öncə Londonda torpaq aldı, onun üzərinə daşınmaz əmlak inşa etdi, torpağa olan mülkiyyətlərini əllərində saxladı və bu 340 ildə aktivləri, var-dövlətləri 12,3 mlrd. dollara qədər artdı. Ailə Britaniyada müxtəlif biznes növləri ilə məğul olub, hələ 1677-ci ildə əsası qoyulan “Grosvenor Estate” yatırım şirkətləri günü bu gün də fəaliyyət göstərir, Britaniyanın ən köklü şirkətlərindən biridir.
Yeni gənc milyarder Hugh Richard Louis Grosvenor dahi rus şairi Puşkinin nəslindən gəlir, Puşkinin qızı Natalya alman Vilhelm Nassauya ərə gedib, onların qızı Sofiya isə Rus Çarı 1-ci Nikolayın nəvəsi Knyaz Mixayil Romanova ərə gedib. Onlar Londonda məskunlaşıb, qızları Anastasya Britaniyanın almaz kralı Vaqnerə ərə gedib. Həmin cütlüyün nəvəsi isə yeni gənc milyarderin anasıdır.
Dünyanın sivil ölkələrində mülkiyyət toxunulmazlığı müqəddəsdir, inkişafın əsasını təşkil edir. Londonda 340 il əvvəl aldıqları torpağın mülkiyyəti bu gün eyni ailəyə aiddir, nə hər hansı bir Lord, Hersoq, Kral, Kraliça onların əlindən mülkiyyətlərini almayıb, buldozer salıb onların mülkiyyətini dağıtmayıb, söküb-tökməyib, kompensasiya vermədin evlərini başlarına uçurmayıblar. Məhz buna görə də Britaniya (Qərb) inkişaf edib və bu gün Puşkinin nəslindən gələn biri 340 il ailənin Londonun mərəzində 500 akr torpaq aldığına görə 12,3 mlrd. dollarlıq sərvətlə dünyanın ən gənc varlı adamı olur.
26 sentyabrda konstitusiyamıza təklif olunan mənasız və məzmunsuz dəyişikliklərdən biri də ölkədə de-fakto mülkiyyət hüququnun tapdalanmasının de-jure rəsmiləşdirilməsidir. Onsuz da Azərbaycanda heç kimin mülkiyyəti toxunulmaz deyildi, məmur ordusu istəlilən şəxsin torpağını, malını-mülkünü əlindən ala bilirdi, indi isə bu konstitusiya ilə rəsmiləşdiriləcək. Belə absudr dəyişikliklərdən sonra nə yerli, nə xarici iş adamları ölkəyə investisiya qoymayacaq, hər zaman mülkiyyətlərinin “qanunla” əllərindən alınması qorxusunu yaşayacaqlar.
Bax belə, insanlığın, bəşəriyyətin 100 illər öncə çözdüyü və inkişafa təkan verdiyi məsələləri biz 21-ci əsrdə nəinki həll etmirik, hətta 800 il bundan öncə, 1215-ci ildə elə həmin Britaniyada Magna Carta ilə əsası qoyulmuş sivil münasibətlərin də aşağısına yuvarlanırıq, yəni, artıq “yeni feodalizm” modelindən da aşağı gedib, “yeni quldarlıq” dövrünə qədəm qoyuruq. Yeni dövrünüz “mübarək” olsun, düşünün xanımlar və cənablar, düşünün…