Fransada yalnız dövlət başçısının deyil, İttifaqın gələcəyinin səsverməsi keçiriləcək
Bazar günü, yəni sabah, Fransada prezident seçkiləri keçiriləcək.
Qərbin aparıcı demokratik dövlətlərinin, həmçinin Rusiyanın gözü bu ölkədədir.
Məhz bu seçkilər Avropanın ikinci ən qüdrətli dövlətinin siyasi oriyentirini, onun xarici siyasət istiqamətini və ən əsası, Avropa Birliyinin taleyini həll edə bilər.
“Bazar günü Fransada bütün Avropanın taleyi həll olunur. Fransızlar dövlət başçısını seçərkən Avropa Birliyi haqqında da qərar vermiş olacaqlar. Onlar ya Birliyin rifahına səs verəcək, ya da onu tarixin zibilliyinə atacaqlar”. Almaniyanın “Berliner Morgenpost” qəzetinin yazarı Knut Pirs seçkiləri belə dəyərləndirib.
Fransa tarixində ilk dəfədir ki, seçkilərdə aşkar favorit yoxdur. Prezidentliyə əsas namizədlərdən 4-ü də 2-cü tura keçmək baxımından bərabər imkanlara malikdir.