Hazırda həbsdə olan NİDA hərəkatının üzvü Bayram Məmmədov Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərarına və Ombudsmanın “işgəncəni gizlədən bəyanatına” etiraz olaraq aclıq aksiyasına başlayıb, vəkil bildirir.
Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılan Bayram Məmmədov və Qiyas ibrahimovun vəkili Elçin Sadıqov bildirir ki, fəal cümə axşamından etibarən aclıq aksiyası edir.
Cənab Sadıqovun sözlərinə görə, cümə günü Xətai Rayon Məhkəməsi gənclər barəsində olan həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətləri də təmin etməyib.
O, bu qərarları əsassız hesab etdiyini və apellyasiya şikayəti veriləcəyini də əlavə edir.
Gənclər hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına “Qul bayramınız mübarək” şüarları yazıldıqdan sonra “yoxa çıxıb”.
Onların mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı bildirilsə də, polis bu iddiaları təkzib və ya təsdiq etməyib.
Daha sonra onlara qarşı narkotiklə əlaqəli cinayət işi açılıb və gənclər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Vəkil Elçin Sadıqov onu da deyir ki, Qiyas İbrahimovun narkoman olub-olmamasını müəyyən etmək üçün məhkəmə narkoloji ekspertizası təyin edilib.
Gənclərin vəkilə verdiyi ifadələrə görə mayın 10-dan başlayaraq polis bölməsində mütəmadi olaraq işgəncə ilə üzləşiblər.
Daxili işlər Nazirliyinin sözçüsü Ehsan Zahidov bu iddiaları təkzib edib və bildirib ki, “Azərbaycan daxili işlər orqanlarının müvəqqəti saxlama yerlərində heç bir vətəndaşla kobud rəftəar olunmur”.
“Hər biri konkret cinayət əməlinə görə saxlanılır, törətdiyi əmələ görə masuliyyət daşıyır”, o, Ann.az saytına açıqlamasında qeyd edir.
Ombudsman aparatının cümə axşamı yaydığı bəyanata görə, saxlanılan gənclərin “bədənində işgəncə izləri aşkarlanmayıb.”
Amnesty International və Human Rights Watch təşkilatları yaydıqları bəyanatlarda gənclərin həbsini pisləyib.