Baş Prokurorluq Əkrəm Həsənovla bağlı məlumat yaydı
Respublika Prokurorluğu hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovla bağlı məlumat yayıb.
Məlumatda hüquqşünasın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilməsi barədə bildirilir:
“Özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib.
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir”.
Məlumatda qeyd olunur ki, hazırda Ə.Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Əkrəm Həsənov öz “Facebook” səhifəsində məsələyə münasibət bildirib:
“4 bank Palataya şikayət edib, Palata da Prokurorluğa. Guya mətbuatdakı çıxışlarım həmin bankların və bütövlükdə bank sisteminin işgüzar nüfuzuna xələl vurur. Mən də prokurorluğa izah etdim ki, əksinə, mənim fəaliyyətim elə bank sisteminə etimadı artırmağa xidmət edir. Palatanın fəaliyyəti isə əksinə. Məsələn, dəfələrlə Palataya müraciət etmişəm ki, banklar maliyyə hesabatlarını dərc etmir, kreditorların maraqları pozulur və s. və i.a. və bu da sistemə etimadı sarsıdır. Palata isə tədbir görə bilmir. İndi nüfuza kim xələl vurur: mən, yoxsa bankların özü və Palata? Üstəlik banklar insanları narazı salaraq onları dövlətin əleyhinə qaldırır faktiki, mən isə əksinə vətəndaşları dövlətə arxalanaraq banklarla problemlərini sırf qanun çərçivəsində və məhkəmə yolu ilə həll etməyi tövsiyə edirəm. Digər sual da o idi ki, bəzi banklar haqda söylədiyim konkret fikirlərim barədə sübutum varmı. Mən də dedim ki, əlbəttə var, lazım gələrsə təqdim edərəm. Prokurorluq da dedi ki, fikir bildirməkdə sərbəstəm və məni heç kəs məhdudlaşdırmır, lakin hər bir halda mənə xərbərdarlıq edilir ki, əsassız və sübutsuz fikirlər söyləməyim, etsəm, buna görə məsuliyyət daşıyacağam. Mən də dedim ki, indiyədək də etməmişəm, etməyəcəyəm də, dediklərimin hamısını sübut edə bilərəm”.