Bakıda növbəti etiraz mitinqi.-VİDEO

Hazırda Məhsul meydanında xeyli sayda insan mitinqə toplaşıb. Lakin hökümət meydan ərazisində olan bütün operatorların internetini kəsib və hazırda mitinqdən canlı yayım etmək, foto və videolar paylaşmaq mümkün olmur.

Meydan ərzaisində internetin kəsildiyini və bununla mitinqin işıqlandırılmasına əngəl yaradıldığını AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli də Azadlıq Radiosuna açıqlamasında təsdiqləyib:

“Ən narahatlıq doğuran məsələ odur ki, internetin sürətini tam aşağı salıblar. Halbuki, hökumət xalqın 300 milyonun xərcləyib kosmosa peyk buraxnda iddia edirdi ki, bu, ən yüksək səviyyədə internet təminatından ötrü nəzərdə tutulur”.

N.Məmmədli digər rabitə vasitələrinin işləməsində də eyni problemlərin yaşandığını ifadə edib:

“Bu gün mitinq qorxusu hakimiyyəti elə duruma çatdırıb ki, faktiki olaraq hazırda internetdən istifadə mümkün deyil. Eyni zamanda müxtəlif rayonlarda hüquq mühafizə qurumlarının mitinqə getmək istəyənlərə basqıları olub. Ancaq ədalət naminə qeyd etmək istərdim ki, bu dəfə əvvəlkindən fərqli olaraq, müxalifətçilərə daha yumşaq davranırlar”.

N.Məmmədli mitinq qabağı hakimiyyətin polis vasitəsilə təşkilatçılara və fəallara basqısı barədə də danışıb. Bildirib ki, bu mitinq öncəsi 5 cəbhəçi saxlanıb, təzyiqlər əsasən, müxalifətçiləri qorxutmaq istiqamətinə yönəlib.

***

Bakıda, İnşaatçılar metrostansiyasının yanındakı Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi növbəti mitinq keçirilir. Saat 15:00-dan 17:00-a qədər təyin edilən mitinq hakimiyyətin beynəlxalq araşdırmaçı jurnalistlər tərəfindən aşkarlanmış 3 milyard dollarlıq korrupsiya əməliyyatı ilə bağlı təşkil olunub. Mitinqdə hakimiyyətin korrupsioner və repressiv siyasətinə etiraz bildiriləcək, üstü açılmış korrupsiya əməliyyatına görə cavabdehlik, siyasi məhbuslara azadlıq və başqa tələblər irəli sürüləcək.

Artıq mitinq meydanına insanların axını başlayıb.