Siyasi mühacir Aygün Xələfova onların fəaliyyətinə görə dayısına edilən təzyiqlərdən danışdı
06 fevral 2018-ci il tarixdə Berlin şəhərində Almaniyanın Xarici İşlər Nazirliyinin qarşısında keçirilən “Enerji maraqlarınıza demokratiyanı qurban verməyin” mitinqinin iştirakçılarına qarşı Azərbaycan hökuməti özünəməxsus şəkildə hücuma keçmişdir. Fiziki olaraq bu insanları susdurmağın qeyri-mümkünlüyün görən siyasi hakimiyyət həmin insanların qohumlarına və ailə üzvlərinə qarşı təzyiq göstərməyə başlamış və bu təzyiq-təhdidin hər gün daha genişlənməsi müşahidə olunmaqdadır.
Sosial şəbəkələrdə Camal Seyidlinin, Pərviz Abdullayevin, Temurxan Orduxanın, Elmir Şirəliyevin qohumlarının həbsi haqqında məlumat yayılmışdır. Bu gün daha bir siyasi mühacir ailənin yaxınlarına təzyiq barəsində bizə məlumat daxil olmuşdur. Belə ki, siyasi mühacir olan Xələfovlar ailəsinin üzvü və mitinq iştirakçısı Aygün Xələfova da öz qohumlarına qarşı edilən basqılarla bağlı bizə məlumat vermişdir: “Bacım Məleykə Xələfovayla birlikdə məlum Berlin mitinqində iştirak etmişik və demək olar ki, bütün aksiyada aktiv olmuşuq. Eyni zamanda mitinqlə bağlı görüntülərdə də bu görsənir”.
A.Xələfova bildirdi ki, bütün ailə üzvləri Almaniyada olduğundan təzyiq onun Azərbaycanda yaşayan dayısı Zülfəli Xələfova qarşı edilir: “Mitinqdən təqribən 3 gün sonra 9 fevralda dayım polisə dəvət edilmişdir. Polis bölməsində bizim və ailə üzvlərimizin fəaliyyətinin vətənə xəyanət olduğu bildirilmiş və ondan sərt şəkildə tələb edilmişdir ki, biz siyasi fəaliyyətimizi dayandıraq. Eyni zamanda ona bildirmişlər ki, biz ölkə başçısının nüfuzuna xələl gətiririk və hörmətli şəxslərə qarşı qeyri-qanuni hərəkətlər edirik, buna görə da baş verənlərlə bağlı o cəzalana bilər”.
Siyasi mühacir daha sonra öz mövqeyinin haqlı olduğunu bildirdi və gələcəkdə keçiriləcək aksiyalarda da fəal olacaqlarını bildirdi: “Mənim dayım həbs olunacağı ilə hədələnmiş və ona cəzalandırılacağı deyilmişdir. Ona bildirmişlər ki, biz fəaliyyətimizə davam etməsək və sakit qalsaq bunlar heç biri baş verməyəcək. Dayıma asfaltın üzərinə hakimlərin şəkillərinin düzülməsi bildirilmiş və qeyd olunmuşdur ki, həmin hakimlər bizə cəza kəsərkən heç bir yüngülləşdirici halı nəzərə almayacaqlar. Bütün bunlar onu göstərir ki, Azərbaycanda diktatura hökm sürür və bir insanın fəaliyyətinə görə onun ailə üzvünün cəzalandırılması sadəcə insanlıqdan kənar bir addımdır. Bütün baş verənlərə baxmayaraq biz növbəti aksiyalarda da fəal iştirak edəcəyik. Çünki, Azərbaycanda həbsxanada olan aktivistlər – Qiyas İbrahimov, Gözəl Bayramlı, Bayram Məmmədov, Əziz Orucov, Əfqan Muxtarlı, Taleh Bağırzadə, İlkin Rüstəmzadə və digərlərinin heç bir günahı yoxdur. Sonda bir şeyi qeyd edim ki, Azərbaycan hakimiyyəti dünyada biabır olduğundan bu addımlar atmaqla prosesin qarşısını almaq istəyir, lakin məncə onlar yanan ocağa su yox, neft tökürlər”.