Bakı-Sumqayıt yolunda – Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.
Xebername.info xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan “Ford” markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev bildirib ki, ümumilikdə xəstəxanaya 10 yaralı daxil olub. Onların əksəriyyəti aşağı ətraflarının sınığı və ayaqları ambutasiya olunmuş şəkildə daxil olublar. Xəstələrdən 3-ü xəstəxanaya daxil olarkən onların bir və ya iki ayağı ambutasiya olunmuş vəziyyətdə olub. Hər iki ayağı ambutasiya olunmuş və şok vəziyyətində olan qadın xəstəxanada dünyasını dəyişib. Bütövlükdə 3 nəfər həyatını itirib. Qalan 9 xəstədən 3-nün vəziyyəti orta ağır, 6-sının vəziyyəti isə ağırdır.
E.Quliyev bildirib ki, xəstəxanaya kömək üçün Bakıdan həkim briqadası da göndərilib. Həkimlərin rəyi ilə ağır beyin travması alan xəstələrdən biri Bakıya- Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda xəstələr üzərində cərarahiyyə əməliyyatları aparılır.
Mətləb BALAKİŞİYEV